Laçın-Xankəndi yolundakı etirazların bir aylıq salnaməsi.....

Şuşa şəhərinin girişi, Laçın-Xankəndi yolu. Əraziyə güclü qar yağıb. Hava olduqca soyuq və şaxtalıdır. Laçın-Xankəndi yolunda yaşanan izdihamın hərarəti hər tərəfə yayılıb. Azərbaycanlı ekoloqlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəallar həmişəki kimi, 31-ci gündə də birlik nümayiş etdirirlər. Onlar Azərbaycan cəmiyyətinin haqlı narazılığını dilə gətirir, tələblərin dərhal yerinə yetirilməsini təkid edirlər.

<Laçın-Xankəndi yolundakı etirazların bir aylıq salnaməsi.....

Dünyanın diqqəti Laçın-Xankəndi yolunda

Otuz bir gündür davam edən aksiyanın məramı dəyişməz olaraq qalır. Fəallar bu soyuq havada qəlbləri isidən qətiyyətli görüntüləri ilə əsl vətənpərvərlik nümunəsi ortaya qoyaraq, tarixi salnamə yazırlar. Onların məramı hər kəsə bəllidir. Aksiya başladığı gündən fəallar Qarabağ ərazisində yerləşən bütün ekoloji yataqların Azərbaycanın ümummilli sərvəti olduğunu bildirir, onun yağmalanması və daşınmasının yolverilməz olduğunu dilə gətirirlər. Etirazçılar mövcud ekoloji problemin Azərbaycan cəmiyyətinin istəyinə uyğun həll edilməsini və aksiyada səslənən şüarların praktik müstəviyə keçməsini qarşılarına məqsəd qoyublar. Vətənin bu qəhrəman gəncləri bir aydır sərgilədikləri mövqe ilə dünyanın diqqətini Laçın-Xankəndi yoluna yönəldə biliblər. Günlərdir, onların istismara, talana “yox” demələri Azərbaycanı sevməyən qüvvələrin yuxusunu ərşə çəkib. Bəzi dairələr hazırkı vəziyyətin humanitar böhran yaratdığını deməklə, bunu bir çox beynəlxalq tribunalarda müzakirəyə çıxarırlar. Bütün cəhdlərə baxmayaraq, onlar istədiklərini əldə edə bilmirlər. Aksiya başladığı gündən dünyanın nüfuzlu mətbuat orqanları da mütəmadi olaraq mövcud vəziyyəti diqqətdə saxlayır. Bu da o deməkdir ki, dünya ictimaiyyəti Azərbaycan cəmiyyətinin haqlı tələbini eşidir. Çünki Azərbaycan cəmiyyəti bu aksiya ilə ona məxsus talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasına qarşı çıxır və günlərdir ki, yüksək iradə nümayişi ilə bunu önləməyə çalışır. Çünki bu, onun milli məsələsidir. Aksiyada günlərdir yüksək amal uğurunda qəhrəmanlıq göstərən yüzlərlə könüllü bütünlükdə Azərbaycan cəmiyyətinin təmsilçiləridirlər. Onların hər biri həmişəki kimi, bu gün də öz “döyüş mövqeləri”ndə mübariz və tələbkar görünürlər.

Aksiyanın gücü: İnamla məqsədə doğru

“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Şamaxı rayonundan olan könüllüsü Ruslan Məmmədov aksiyaya dəstək vermək üçün bir neçə gündür ki, buradadır. O, hava şəraitinin çətin olmasına baxmayaraq, digər aksiya iştirakçıları kimi mübarizdir, qətiyyətlidir. Bütün könüllülər kimi, onun da məqsəd və məramı aydındır. Bildirir ki, qarlı-şaxtalı hava onun aksiyadakı fəaliyyətinə mane olmur, mübarizə əzmini sarsıtmır: “RİİB-in əməkdaşları və könüllüləri ilk gündən bu ekoloji aksiyaya qoşulublar. Bir aydır Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarının dayandırılması və ölkəmizin müvafiq qurumları tərəfindən ərazidəki faydalı qazıntı yataqlarında monitorinqlərin aparılmasına icazə verilməsi tələbi ilə aksiya keçiririk. Qarlı, şaxtalı hava şəraiti bizim mübarizəmizə təsir etmir. İllərdir həsrətini çəkdiyimiz doğma Qarabağımızda olmaq qürurvericidir. Burada sərvətlərimizə sahib çıxmaq üçün dinc mübarizə aparırıq. Tələblərimiz təmin olunana qədər mübarizəmizi davam etdirəcəyik”.

Təşkilatın xanım könüllüsü Lalə İbrahimli də böyük ruh yüksəkliyi ilə aksiyada iştirak etdiyini deyir. Bir neçə könüllü dostları ilə Lənkəran rayonundan aksiyaya qoşulduğunu söyləyir: “Artıq bir aydır Azərbaycan gəncliyi böyük əzm və iradə göstərərək, sərvətlərimizin qanunsuz istismarına yox demək üçün birlik nümayiş etdirir. İlk gündən tələblərimiz dəyişməyib, biz qanunsuz istismara qarşıyıq, biz monitorinq keçirilməsinə şərait yaradılmasını istəyirik. Laçın-Xankəndi yolunu bağlamağımızla əlaqədar yayılan xəbərlər əlbəttə ki, dezinformasiyadır. Hər gün təchizat avtomobillərinin keçidi tam təhlükəsiz təmin edilir və media vasitəsilə mütəmadi olaraq işıqlandırılır. Gecədən qar yağır, burda çox gözəl mənzərə var. Soyuq hava bizi mübarizəmizdən döndərə bilməz, əksinə çətin hava şəraitində daha böyük inamla məqsədə doğru irəliləyirik. Bütün dünya görsün ki, tələblərimiz təmin edilməyənə qədər geri çəkilməyəcəyik”.

Aksiyanın digər fəalı Aydan Abbasova da üç gündür aksiyaya qoşulduğunu qeyd edir. Xanım könüllü Qarabağda ekoloji təxribata qarşı olduğunu bildirərək, buranın yeraltı və yerüstü sərvətlərinin Azərbaycana məxsus olduğunu vurğulayır: “Bizim bir məqsədimiz var - istismarı, talanı dayandırmaq. Arxamızda Azərbaycan cəmiyyəti dayanır. Ümid edirəm ki, biz bu gücdən istifadə edib məqsədimizə çatacağıq. Nə qədər lazımdırsa, mübarizəmizi davam etdirəcəyik. İstər hava şaxtalı olsun, istərsə də mülayim biz bütün hallarda sərvətlərimizin keşiyində dayanacağıq”.

Xalqın yenilməz ruhlu övladlarının mübarizəsi

Aksiyanın qarlı-qışlı mənzərəsi həm daxildə, həm də ətrafda xoş ovqat yaradıb. Burada əsl azərbaycanlı ruhunu hiss etməmək mümkünsüzdür. Azərbaycan gəncliyi bir aydır gecə-gündüz demədən milli həmrəylik nümayiş etdirərək, xalqa məxsus sərvətlərin necə qoruna biləcəyini Laçın-Xankəndi yolundan dünyaya bəyan edir. Burada mübarizənin önündə gedənlər xalqın yenilməz ruhlu övladlarıdır. Onlar hər zaman iradəli, məğrur, əzmli, ümidli və məqsədlidirlər. Şuşa və Xankəndinin əzəmətli qayalarının sinəsindəki məğrurluq onların güc mənbəyidir. Aksiya iştirakçıları nə qədər qətiyyətli olsalar da, humanizm prinsipinə də sadiqdirlər. Odur ki, dinc etirazlar başladığı gündən ərazi humanitar məqsədlər üçün açıq saxlanılır. Bu vaxtadək istər Rusiya sülhməramlılarına aid təminat avtomobillərinin, istər Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin, istərsə də mülki ermənilərin ərazidən keçidinə maneə yaradılmadyıb. Ermənistan isə dünyaya heç də siyasi məqsəd daşımayan bu ekoloji, dinc aksiyanı humanitar fəlakət kimi yaymaqla məşğul olur. Ancaq Azərbaycan digər məsələlərdə olduğu kimi, bu məsələdə də Ermənistanın avantürist iddialarını, böhtan xarakterli açıqlamalarını alt-üst edir. Qarabağ bölgəsində baş verə biləcək hər hansı hadisəyə münasibət bildirmək, adekvat tədbirlər görmək Azərbaycanın suveren hüququdur. Hətta bu bölgədə yaşayan bütün erməni sakinlərin hüquq və təhlükəsizliyi məsələsi də Azərbaycanın daxili işidir. Buna görə də, Ermənistanın Azərbaycanı ittiham etməsi əsassızdır, bu barədə danışmağa haqqı çatmır. Qarşı tərəf həmişə iflasa uğrayan ənənəsindən əl çəkməlidir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

 

Ceyhun Alışlı,

AZƏRTAC-ın müxbiri

Foto: Aydın Məmmədov