Azərbaycan-Türkiyə beynəlxalq qrant müsabiqəsinə layihə qəbul olunur.....

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu ilə Türkiyə Elmi və Texnoloji Araşdırma Şurasının (TÜBİTAK) birgə beynəlxalq qrant müsabiqəsinə hər iki ölkənin alimlərinin elmi-tədqiqat layihələri qəbul olunur.

<Azərbaycan-Türkiyə beynəlxalq qrant müsabiqəsinə layihə qəbul olunur.....

Elmin İnkişafı Fondunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, layihələrin qəbulu noyabrın 5-dək davam edəcək. Müsabiqənin nəticələrinin 2022-ci ildə açıqlanması planlaşdırılır.

2-ci Azərbaycan-Türkiyə (“AzTürk-2”) beynəlxalq qrant müsabiqəsinin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin Elmin İnkişafı Fondu və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir.

Müsabiqə çərçivəsində fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli və 300 min manatadək maliyyə həcmli layihələr maliyyələşdiriləcək.

Müsabiqəyə təqdim olunduğu gündən etibarən layihələrə baxılacaq və nəticələri barədə müsabiqə iştirakçılarına elektron qaydada məlumat veriləcək.