AzMİU-nun əməkdaşları Türkiyədə beynəlxalq layihənin açılışında iştirak ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları Türkiyədə keçirilən “Şərq və Qərb mədəni irsinin rəqəmsallaşdırılması üçün innovativ alətlər: rəqəmsal oyun dizayn metodologiyası bələdçisi” layihəsinin açılış mərasimində iştirak ediblər.

<AzMİU-nun əməkdaşları Türkiyədə beynəlxalq layihənin açılışında iştirak ediblər

Bu barədə AZƏRTAC-a AzMİU-dan bildirilib. AzMİU-nun da tərəfdaşı olduğu layihədə universiteti Xarici əlaqələr şöbəsinin əməkdaşı Natiq Məhəməliyev, Qrafik və media dizayn kafedrasının müdiri Təranə Bəkirova, kafedranın müəllimi Fəridə Qasımova təmsil ediblər.

Şərq-Qərb mədəni irsinin sintezini dizayn edəcək layihənin açılış toplantısına altı universitet, beş ölkə və iki gənclər birliyi qatılıb.

Eskişehir Osmanqazi Universiteti Mühəndislik və memarlıq fakültəsinin Memarlıq bölməsinin müəllimi professor Ayşen Çelen Öztürkün rəhbərliyi ilə başlayan layihə maddi və qeyri-maddi mədəni irsin gələcəyə ötürülməsində rəqəmsal oyun dizaynlarından bir vasitə kimi istifadə etməyi hədəfləyir.

Görüşün ilk günü açılış nitqləri söylənilib, türk mədəniyyətini özündə əks etdirən səhnə performansları nümayiş olunub. Toplantının ikinci günü tarixi Odunpazarı bölgəsinə texniki tur təşkil edilib və Eskişehirin mədəni yaddaş elementləri iştirakçılara çatdırılıb.

Qeyd edək ki, növbəti belə görüş may ayında İspaniyada keçiriləcək.