Alimlər: COVID-19-un ağır keçmə riskini 50 faiz azaldan vasitə tapılıb.....

UNITAID “Molnupiravir” preparatının koronavirus infeksiyasının yüngül və orta ağır səviyyədə keçirənlərin xəstəxanaya yerləşdirilmə riskini 50 faiz azaltmağa kömək etdiyi ilə bağlı məlumatı alqışlayıb.

<Alimlər: COVID-19-un ağır keçmə riskini 50 faiz azaldan vasitə tapılıb.....

AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, təşkilat bu bəyanatla ehtiyacı olan hər kəsi COVID-19-un müalicəsi və profilaktikası üçün əlçatan vasitələrlə təmin etməyi hədəfləyən ACT-Accelerator təşəbbüsü üzrə tərəfdaşları adından çıxış edib. Araşdırmalar göstərib ki, “Molnupiravir” antivirus dərmanı, koronavirus infeksiyasının erkən mərhələlərində istifadə edildikdə xəstəxanaya yerləşdirilmə və ya ölüm riskini 50 faiz azalda bilər.

"Xəstəliyin ağır gedişatının qarşısını ala bilən təsirli və istifadəsi asan bir peroral vasitə, pandemiyanı nəzarət altına almaq üçün bizə bu gün lazım olan əsl vasitədir", - deyə UNITAID-in rəhbəri Filipp Daneton bildirib.

Onun sözlərinə görə, belə bir vasitə, pandemiya ilə mübarizə strategiyasını kökündən dəyişdirə biləcək: testləşdirmə və dərman müalicəsi xəstəliyin ağır hallarının sayını əhəmiyyətli dərəcədə azalda və səhiyyə sistemlərindəki yükü yüngülləşdirə bilər.

Dərmanın istifadəsi ilə bağlı rəsmi tövsiyəni gözləyərək UNITAID ACT-Accelerator təşəbbüsü üzrə tərəfdaşları ilə birlikdə, “Molnupiravir”in aşağı və orta gəlirli ölkələrdə ən qısa zamanda mümkün qədər çox insana əlçatan olmasına yönələn addımlar atmağa hazırdır.

UNITAID Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq edən və xəstəliklərin daha təsirli və əlçatan bir şəkildə qarşısını almaq, diaqnostika və müalicəsində kömək edəcək yeni üsulların axtarılmasında ixtisaslaşan qlobal bir agentlikdir.