Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir. GİKM-in baş ofisi, eləcə də regional nümayəndəlikləri və bölmələri tərəfindən gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün inkişaf təlimləri, forumlar, konfranslar, seminarlar təşkil olunur, təcrübə və könüllülük proqramları keçirilir.

<Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir

GİKM olaraq Prezident İlham Əliyevin Sərəncamına əsasən, Gənclər Fondu nəzdində 2019-cu il oktyabrın 1-dən fəaliyyət göstəririk. Bu dövr ərzində mərkəzimiz gənclərin şəxsi inkişafı, karyera quruculuğunu dəstəkləmək məqsədilə çoxsaylı layihələr və proqramlar icra edib. 2024-cü il üzrə fəaliyyətimizin ilk 6 aylıq dövrünü uğurla başa vurmuş hesab edirik. Bu dövr ərzində həm Bakıda, həm də regionlarda qeyd olunan istiqamətlər üzrə bir sıra fəaliyyətlər icra olunub.

Bu sözləri AZƏRTAC-a müsahibəsində GİKM-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül İsmayılzadə deyib.

İlk 6 aylıq fəaliyyət dövründə hansı əsas nailiyyətlər əldə olunub?

Bu dövr ərzində mərkəz olaraq yeni bir təşəbbüs irəli sürərək, “Gənclər üçün podkast” layihəsinə start vermişik. Podkast GİKM tərəfindən Azərbaycan gəncləri üçün xüsusi hazırlanmış platformadır. Burada müxtəlif sahələr üzrə mütəxəssislər, peşəkarlarla maraqlı söhbətlər aparılır, öz sahəsində uğur qazanmış şəxslər təcrübələrini, məsləhətlərini və uğur hekayələrini dinləyicilərimizlə bölüşürlər. Podkastımızın məqsədi gənclərin karyera quruculuğu və şəxsi inkişafına töhfə vermək, onları motivasiya etmək və müxtəlif sahələr üzrə məlumatlılığını artırmaqdır. İndiyədək platforma üzrə 11 buraxılış yayımlanıb, müxtəlif platformalar üzrə 260 mindən çox dinləyici podkastdan faydalanıb.

Bundan əlavə, tərəfimizdən gənclər üçün “Karyera bələdçisi” hazırlanıb. Bu bələdçi gənclərə karyera yollarını seçməyə kömək etmək üçün mənbə rolunu oynayır. Bələdçi daxilində CV tərtib olunması, müsahibəyə və iş həyatına hazırlıq, karyera yolunda doğru addımlar haqqında məlumatlar, eyni zamanda, karyera və özünüqiymətləndirmə testləri yer alıb.

Daha sonra mart-may ayları ərzində paytaxt və regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrində məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək olan “CareerLAB” şəbəkəsi layihəsinə başladıq. Müxtəlif mövzuları əhatə edən layihə ümumilikdə 11 ali təhsil müəssisəsi olmaqla, 1200-dən çox gənc üçün həyata keçirilib.

Region gəncləri üçün “LevelUP” karyera forumları da baş tutub ki, bu layihənin də əsas məqsədi karyera planlaması üzrə peşəkarları bir araya toplayaraq, gənclərin bilik və bacarıqlarını artırmaq, bu sahədə region gəncləri üçün əlçatan mexanizm formalaşmasına töhfə verməkdir. Lənkəran, Sumqayıt, Mingəçevir şəhərləri, Göyçay, Saatlı rayonlarında keçirilən forumlara 2 mindən çox gənc cəlb olunub.

İlk 6 ay ərzində GİKM tərəfindən Bakıda 10-dan çox müxtəlifadlı layihə keçirilib. Bu layihələr arasında “Youth start” şəxsi inkişaf proqramı, “Gənclərin Karyera İnkişaf Platforması”, “Karyera kompası” xüsusi diqqət çəkir. Habelə 1000-dən çox gəncə ixtisas seçiminə dəstək görüşləri, fərdi karyera konsultasiyaları keçirilib ki, bu da onların peşə seçimlərinə və karyera quruculuğuna müsbət təsirini göstərib.

Paytaxt gəncləri üçün GİKM-in baş ofisində 3 aylıq müddətdə həyata keçirilən “İnkişaf və Təcrübə Akademiyası”nı da xüsusi qeyd etmək istəyirəm. Hansı ki, bu təcrübə proqramı vasitəsilə İnsan Resursları, İctimaiyyətlə əlaqələr, SMM, qrafik dizayner, gənclərlə iş, layihələrin idarəolunması istiqamətləri üzrə 15 gənc artıq məzun olub.

Regionlarda da hazırda gənclərin peşəkar bacarıqlarını inkişaf etdirmək, praktiki təcrübə qazandırmaq və iş dünyasına hazırlıq səviyyələrini artırmaqdan ibarət olan 2 aylıq “Yay təcrübə proqramı” start götürüb və hazırda 100-dən çox gənc müxtəlif şəhər və rayonlarda təcrübə keçirlər.

İlk 6 aylıq fəaliyyət dövründə GİKM bir sıra karyera sərgilərində uğurla təmsil olunub. Bu sərgilərdə iştirakımız 5 mindən çox gəncə mərkəzin fəaliyyətləri və imkanları haqqında məlumat vermək imkanı yaradıb. Sərgilər vasitəsilə gənclər təcrübə proqramları barədə məlumat əldə ediblər və birbaşa iştirak hüququ qazanıblar. Sərgilərdə aktiv iştirakımız GİKM-in daha geniş gənc kütləsi arasında tanınmasına səbəb olub ki, bununla da qurumun fəaliyyətlərinin və imkanlarının geniş auditoriyaya çatmasına nail olmuşuq.

Fəaliyyətlərimiz əlbəttə ki, yalnız şəxsi inkişaf və karyera quruculuğu, könüllülük və sosiallaşma istiqamətləri ilə bitmir. Həmçinin GİKM vətənpərvərlik və dövlətçilik istiqaməti üzrə də bir sıra tədbirlər həyata keçirməkdədir. Burada məqsəd region gənclərinin dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, onların vətənpərvərlik ruhunu gücləndirməkdən ibarətdir. Yarımil ərzində bu istiqamət üzrə 475 fəaliyyət həyata keçirilib və nəticədə 15 mindən çox gənc əhatə olunub.

Ümumilikdə mərkəzimiz tərəfindən istər Bakıda, istərsə də regionlarda təşkil edilən müxtəlif mövzulu təlim, görüş, seminarlar, eləcə də digər fəaliyyətlərdə 50 mindən çox gənc iştirak edib.

Dövlət və ya özəl qurumlarla işinizi necə qurmusunuz, bu əməkdaşlıqların nəticələri nələr olub?

Altı ay ərzində dövlət və özəl qurumlarla 20-yə yaxın tərəfdaşlıq görüşü keçirilib. Görüşlərdə müəyyən əlaqələr qurulub və əməkdaşlıq imkanları müzakirə edilib. Nəticədə yeni fəaliyyətlər üçün ilkin razılaşmalar əldə olunub, müxtəlif layihələr və proqram yaradılıb.

Bu dövr ərzində gənclərin maraqları və gözləntiləri haqqında əldə etdiyiniz əsas nəticələr nə olub?

Yanvar-iyun aylarında region gəncləri arasında “Gəncin fikri” adı altında sorğu keçirmişik. Onlayn qaydada keçirilən sorğuda 300-dən çox gənc iştirak edib. Nəticədə mərkəzin fəaliyyətlərinin və gənclərin ehtiyaclarının öyrənilməsi üçün vacib məlumatlar toplanıb. Gənclərin 90 faizi iştirak etdikləri təlimlərin və seminarların onların peşəkar və şəxsi inkişaflarına müsbət təsir etdiyini qeyd edib. Bu sorğular nəticəsində gənclərin əsas ehtiyacları müəyyən edilir. Belə ki, gənclərin əksəriyyəti daha çox karyera məsləhətləri, işə hazırlıq təlimləri və rəqəmsal bacarıqların inkişafı ilə bağlı tədbirlərin təşkilini istəyirlər. Alınan rəylər və təkliflər əsasında mərkəzin fəaliyyətləri təkmilləşdirilib və gənclərin ehtiyaclarına daha yaxşı cavab vermək üçün yeni proqramlar hazırlanıb. Gənclərin real ehtiyaclarını və gözləntilərini daha yaxşı anlamaq və onların inkişafına dəstək olmaq məqsədilə bu tipli sorğular tərəfimizdən mütəmadi keçirilir.

Gənclərimizin şəxsi inkişafı, karyera quruculuğuna dəstək olmaq, onların vətənpərvər gənc kimi yetişməsinə töhfə vermək üçün çalışırıq və gəncləri fəaliyyətlərimizdə iştirak etməyə, mövcud imkanlardan yararlanmağa dəvət edirik.