Gənc muğam ifaçısı: “Bayatı-Şiraz”ı hər dəfə ifa edəndə qəhər məni boğur

Yusif Sadıxov: Qarabağda “Qarabağ şikəstəsi”ni ifa etmək arzusundayam

<Gənc muğam ifaçısı: “Bayatı-Şiraz”ı hər dəfə ifa edəndə qəhər məni boğur

Dövlətimiz tərəfindən gənclərimiz hər zaman diqqət və qayğı ilə əhatə olunur. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İstedadlı gənclərin əməyi hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Gənc nəslin cəmiyyətdə fəal rol oynaması, onların milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin təbliğinə öz töhfələrini vermələri üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılır.

 

AZƏRTAC da belə gəncləri daha geniş coğrafiyada tanıtmağa çalışır. Bu məqsədlə də yerli və beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.

Növbəti həmsöhbətimiz beynəlxalq və respublika müsabiqələri iştirakçısı, XIII Beynəlxalq Uşaq Muğam Festivalının qalibi, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi, muğam ifaçısı Yusif Sadıxovdur.

On üç yaşlı Yusifdə musiqiyə böyük həvəs 3 yaşından yaranıb. Valideynlərinin dediyinə görə, o, hələ kiçik yaşlarında ritmlər tuturmuş. Musiqiçi ailəsində böyüyən Yusifin bu sahəyə olan marağı valideynlərinin diqqətindən yayınmır. Nənəsi onu nağara ixtisasına yazdırmaq istəyib. Lakin Yusifin səsini yoxlayan müəllim onun çox yaxşı musiqi duyumu olduğunu deyib, bu səslə gələcəkdə istedadlı xanəndə ola biləcəyini bildirib. Beləliklə Yusif 8 yaşında Müslüm Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində təhsil almağa başlayıb. O, 2022-ci ildən təhsilini Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında tanınmış ifaçı Aytən Məhərrəmovanın sinfində xanəndə ixtisası üzrə davam etdirir.

Yusif deyir: “Muğamın sirlərini mənə həvəslə öyrədən müəllimimin sayəsində bir sıra uğurlara imza atmışam. Milli muğamlarımızın dünyada tanınması istiqamətində çox işlər görülür. Xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu muğam sənətimizin qorunması və inkişafı ilə bağlı bir sıra layihələr həyata keçirib. Bu, bizi olduqca ruhlandırır. Bakıda Beynəlxalq Muğam Mərkəzində bir neçə çıxışlarım olub. Sənətimizə verilən dəyər, istedadlı gənclərə göstərilən qayğı bu sahəyə olan sevgimi daha da artırır. Həmçinin Azərbaycanda keçirilən beynəlxalq muğam müsabiqələri də daim sənətsevərlərin diqqət mərkəzində olur”.

Yaşının az olmasına baxmayaraq o, ötən illər ərzində bir çox müsabiqələrin, yarışmaların qalibi olub. Bir sıra tədbirlərdə çıxış edib, müəyyən qurumlar tərəfindən fəxri fərmanlarla və diplomlarla təltif olunub. O, qardaş ölkə Türkiyədə “Bir millət, iki dövlət” adlı konsertdə uğurla çıxış edib. Yusif üçün ən yaddaqalan yarışmalardan biri Elm və Təhsil Nazirliyinin təşkil etdiyi məktəblilər arasında “Şuşa ili”nə həsr olunmuş “Könlüm keçir Qarabağdan” müsabiqəsi olub. İfaçı bu müsabiqədə III yerə layiq görülərək nazirlik tərəfindən Fəxri fərmanla mükafatlandırılıb. Həmçinin “Milli dəyərlərimiz muğam” məktəblilərin gözü ilə” müsabiqəsində I yeri qazanıb. Qazandığı belə uğurlar onu daha da ruhlandırır, muğamlarımızı dərindən mənimsəməyə, onu dünyada layiqincə təmsil etməyə həvəsləndirir.

Ən çox “Bayatı-Şiraz”ı oxuduğunu deyən gənc xanəndə hər dəfə bu muğamı ifa edəndə qəhərin onu boğduğunu, fərqli hisslər keçirdiyini bildirir: “Bayatı-Şiraz” yeddi əsas muğam dəsgahlarından biridir. Bayatı türk ədəbiyyatında lirik şeir, mahnı janrıdır. Bayat həm də qədim türk tayfalarının birinin adı olub. Dahi şair Məhəmməd Füzuli də bu tayfadan olub. Bəlkə də elə məni qəhərləndirən bu qədimlikdən gələn doğmalıqdı”,-deyir həmsöhbətim.

O, oxuduğu muğamlar sayəsində həm də yeni biliklər öyrəndiyini, özünü daim inkişaf etdirmək üçün çalışdığını deyir. Yusif bütün ifalarında ürəyində olan hissləri dinləyicilərə ötürməyə çalışır. Qazandığı uğurlar ona yeni qapılar açır və irəliyə doğru addımlamağa kömək edir. Yusif bütün uğurlarına görə ustadı Aytən Məhərrəmovaya borclu olduğunu deyib: “Ən böyük dəstəkçilərim valideynlərim və ustadımdır. Muğam sözün əsl mənasında olmazsa olmazımdır. Həmçinin mənə bu sənəti sevdirənlərdən biri də Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının direktoru Aytən Əhmədovadır. O, istedadlı gənclərə hər zaman diqqət və qayğı göstərir. Bu isə məni daha çox həvəsləndirir”.

Yusif Sadıxov bundan sonraki təhsilini Azərbaycan Milli Konservatoriyasında davam etdirmək niyyətindədir. Ən böyük arzusu xalq tərəfindən sevilən xanəndələrdən olmaq və Konservatoriyada müəllim kimi fəaliyyət göstərməkdir. O, muğam sənətinin sirlərini gələcək nəslə ötürmək, Azərbaycanın ecazkar musiqisini gələcək tələbələri ilə dünyada təbliğ etmənin xəyalı ilə yaşayır. Bunun üçün hazırda öz üzərində çox çalışır. Qarabağda “Qarabağ şikəstəsi”ni ifa etmək arzusunda olan gənc xanəndənin qarşısına qoyduğu məqsəd vətənimizi, bayrağımızı, muğamımızı daim zirvələrə qaldırmaqdır.

Biz də bu yolda ona uğurlar arzulayırıq.