Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib.....

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 101-ci doğum gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

<Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib.....

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, paytaxt məktəbliləri arasında keçirilən və ənənəvi hal almış bu konfransda BŞİH-in rəhbərliyi və aparatın əməkdaşları, paytaxt rayonlarında keçirilən konfranslarda qalib seçilmiş məktəblilər, media nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov konfransda bildirib ki, xalqımız yalnız bu gün öz çoxminlilik tarixinin ən layiqli günlərini yaşayır. Bu da Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinin və şəxsiyyət amilinin nəticəsidir.

Qeyd edilib ki, paytaxt rayonlarında keçirilən konfranslarda şagirdlər Azərbaycan tarixinin ən qədim zamanlarından günümüzə qədər olan dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə elmi məqalələrlə çıxışlar ediblər. Builki müsabiqədə həm də 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərə, ötənilki antirerror tədbirlərinə, Xankəndi, Xocalı, Ağdərə, Xocavənddə Azərbaycanın Dövlət Bayrağının ucaldılması və Xankəndi şəhərində keçirilən hərbi parada həsr edilən mövzulara xüsusi yer verilib.

Şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Tədbirdə qeyd olunub ki, məktəblilərin Azərbaycan tarixinin daha dərindən öyrənilməsinə marağı artıran bu müsabiqə ənənəvi xarakter daşıyır və hər il minlərlə məktəbli bu müsabiqədə iştirak edir. Builki müsabiqədə Bakı şəhərinin 300-dən artıq məktəbi və 2700 nəfərdən artıq şagirdi öz referatları ilə iştirak edib. Referatların 60-ı komissiya tərəfindən seçilərək Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunacaq yeni kitaba daxil ediləcək.