YARAT Müasir İncəsənət Məkanı gənc kinorejissorları ikigünlük seminara dəvət edir.....

YARAT Müasir İncəsənət Məkanı gənc kinorejissorları və müasir kino sahəsində biliklərini genişləndirmək istəyən hər kəsi, Nyu-Yorkda yaşayan kinorejissor Zeke Ramazan Qeysin iki günlük seminarına dəvət edir.

<YARAT Müasir İncəsənət Məkanı gənc kinorejissorları ikigünlük seminara dəvət edir.....

YARAT-dan AZƏRTAC-a bildirilib ki, oktyabrın 11-12-də təşkil olunacaq seminar çərçivəsində “Ssenari yazmaq bacarığı” və “Kinotənqid” mövzuları müzakirə ediləcək.

Seminarın birinci günü hekayələrin nədən ibarət olduğu, necə və nə üçün yazıldığı təhlil olunacaq, ssenari strukturunu anlamaq və onu əsas komponentlərə bölmək müzakirə ediləcək. Sonra bir neçə qısametrajlı filmlər izlənəcək, təhlil olunacaq, iştirakçılar qrup şəklində öz ssenarilərini yazacaqlar.

Seminarın ikinci günü isə iştirakçılarla birlikdə, Hollivudun çiçəklənmə dövründə yaradılmış, Uilyam Fridkinin məşhur "İblisi qovan" ("The Exorcist", 1973) filmi təhlil olunacaq.

İştirak etmək istəyənlər əvvəlcədən https://cutt.ly/9VC8Ud1 linkindən qeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, Zeke Qeys – Bakıda anadan olub, hazırda Nyu-Yorkda yaşayır və kinorejissor fəaliyyəti ilə məşğul olur. Bruklin Kollecində film istehsalı üzrə bakalavr dərəcəsini alıb. O, bir sıra qısametrajlı filmlərin rejissoru və prodüseridir. Habelə, ABŞ-ın bir sıra universitetlərində videomontaj və film istehsalı üzrə tədris fəaliyyəti təcrübəsinə malikdir. Əsas müəllimlik fəaliyyəti isə "Manhattan Youth" şirkəti ilə bağlıdır, burada onun tələbələri “Tribeca” Film Festivalının iştirakçıları olmuşlar.