“Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası”nın işığında.....

Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Nizami Gəncəvi dühası Türk dünyası gənclərinin gözü ilə” layihəsi çərçivəsində çap olunmuş “Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası” kitabının və eyniadlı sosial çarxın təqdimatı olub.

<“Türk dünyası gəncləri- Nizami Gəncəvi dühası”nın işığında.....

AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirildikdən sonra tədbiri giriş sözü ilə Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, layihə rəhbəri, şair-publisist İntiqam Yaşar açaraq iştirakçılara kitab haqqında məlumat verib. O, Nizami irsini Türk dövlətlərinin ortaq dəyəri adlandırıb və qeyd edib ki, sözügedən layihə çərçivəsində qardaş ölkə gəncliyinin nümayəndələrinin bir-biri ilə əməkdaşlıq münasibətləri bir az da genişlənmiş olub.

Tədbirdə Milli Məclisin deputatı Cavanşir Feyziyev, Milli Məclisin Mədəniyyət komitəsinin eksperti, şair-publisist Əkbər Qoşalı, yazıçı Kənan Hacı, şair publisist Fərid Hüseyn, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli, Çuvaşistan-Azərbaycan dostluq cəmiyyətinin sədri Aqil Əliyev, şərqşünas -yazıçı Əli Rzazadə, "Regional Hüquqi və İqtisadi Maarifləndirmə" Birliyinin sədri Arzu Bağırova və başqaları çıxış edərək kitabın türk dövlətləri gəncliyini bir-birinə yaxınlaşdırmaq baxımından yüksək qiymətləndiriblər. Nizami irsinin tanıdılması üçün önəmli olan layihənin ərsəyə gəlməsində əməyi keçənlərə öz minnətdarlıqlarını bildiriblər.

Kitabla eyni adı daşıyan çarx şeirsevərlərə təqdim olunub. Çarxda türk dövlətlərindən olan ədəbiyyat nümayəndələri Nizami Gəncəvinin şeirlərini öz türkcələrində səsləndiriblər.

Bundan əlavə kitabda yer alan müəlliflər, tərcüməçilər və çarxda şeir qiraət edənlər diplomla təltif olunublar. Eyni zamanda, iştirakçılara "Türk dünyası gəncləri-Nizami Gəncəvi dühası" kitabı hədiyyə edilib.