”Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti tədbirlər Beyləqan rayonunda keçirilib.....

“Səyyar Gənclər Xidməti” layihəsi ucqar kəndlərdə yaşayan gənclər üçün imkanları əlçatan etməkdə davam edir.

<”Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində növbəti tədbirlər Beyləqan rayonunda keçirilib.....

Gənclərin İnkişaf və Karyera Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, “İmkanlar sənə doğru!” şüarı ilə reallaşdırılan layihənin növbəti ünvanı Beyləqan rayonunun Dünyamalılar, Kəbirli və Birinci Şahsevən kəndləri olub. Həmin kəndlərdə yaşayan yüzlərlə gənc xidmətlərdən yararlanıb.

Layihə çərçivəsində gəncləri maraqlandıran mövzularda, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər istiqamətlərdə açıq hava şəraitində təlimlər keçirilib.

Sonra "Səyyar Gənclər Xidməti"nin əyləncəli hissəsinə start verilib. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, müxtəlif oyunlar üzrə mini-müsabiqələr təşkil olunub. Yarışlarda fərqlənən gənclər hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, cari ildə Biləsuvar rayonundan başlayan layihə indiyədək Hacıqabul, Sabirabad, Saatlı, İmişli və Füzuli rayonlarında həyata keçirilib. Bu tədbirlər ümumilikdə 7 rayonda 30 kəndi və 4 minədək gənc əhatə edib.

Azərbaycan Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən layihənin bu il 20-yə yaxın şəhər və rayonun 100-ə qədər ucqar kəndində yaşayan minlərlə gənci əhatə etməsi nəzərdə tutulur.