Gənclər Kitabxanası Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 2 Fevral - Azərbaycan Gənclər Günü ilə əlaqədar silsilə materiallar - videoçarx, ənənəvi sərgi və “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal hazırlayaraq istifadəçilərə təqdim edib.

<Gənclər Kitabxanası Gənclər Günü münasibətilə silsilə materiallar hazırlayıb

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, videomaterialda Gənclər Gününün tarixi, ölkədə uğurla həyata keçirilən gənclər siyasəti - “Gənclər İli”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Gənclər Fondu”nun yaradılması, gənclər üçün “Prezident Mükafatı”nın təsis edilməsi, Könüllülük hərəkatı, gənclərlə əlaqədar elm, təhsil, mədəniyyət sahəsində qəbul edilən proqramlar haqqında geniş məlumat verilib. Azərbaycan gəncliyinin elmi, mədəni, iqtisadi, siyasi sferalarda qazandığı uğurlar, cəlb olunduğu beynəlxalq layihələr işıqlandırılıb. Materialda Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin gənclərə xitabən söylədikləri nitqlərdən parçalar da təqdim olunub.

“Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalda dövlət gənclər siyasəti haqqında qəbul edilən rəsmi sənədlər, mövzunu əhatə edən 20-dən çox kitabın biblioqrafik təsviri və annotasiyası, gənclik haqqında aforizmlər və digər maraqlı məlumatlar əks olunub.

Kitabxanada təşkil edilən ənənəvi sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Gənclər Vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmal sərgilənib.

2 Fevral - Gəncləri Günü ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında yerləşdirilib.