Seyid Əzim Şirvani…..

Seyid Əzim Şirvani 9 iyul 1835-ci ildə Şamaxıda ruhani ailəsində doğulub.Atası Seyid Məhəmməd, anası Səkinə xanımdır. Atası öz babası Əzimin adını övladına qoyub.

<Seyid Əzim Şirvani…..

Seyid Əzim Şirvani 9 iyul 1835-ci ildə Şamaxıda ruhani ailəsində doğulub.Atası Seyid Məhəmməd, anası Səkinə xanımdır. Atası öz babası Əzimin adını övladına qoyub.
Seyid Əzimin kiçik yaşlarında  Şamaxının tanınmış, mötəbər şəxslərindən olan atası vəfat etmişdir.Şirvani ana babası molla Hüseynin himayəsi altında yaşamışdır.


 Molla Hüseyn Dağıstanda Yaqsay kəndində ruhanilik edirdi. Babasından ərəb və farsça  öyrənən Seyid Əzim 10 il sonra Şamaxıya qayıdır, burada mədrəsədə oxuyub orta ruhani təhsilini tamamlayır. Bu dövrdə Azərbaycanda Şərqin dini mərkəzlərinə ziyarətə getmək, ruhani təhsili almaq, "hacı", "kərbəlayı" olmaq ənənəsi davam edirdi. Belə bir şəraitdə Seyid Əzimin ruhani təhsili almaq, dini  ziyarətlərə getmək fikrinə düşməsini də təsadüfi hesab etmək olmaz. Odur ki, 1856-cı ildə ali ruhani təhsili almaq həvəsi gənc Seyid Əzimi İraqa, əvvəl Nəcəf və Bağdada, sonra isə Suriyanın Şam şəhərinə aparır.

  Gənc şair İraqda oxuyarkən dünyəvi elmlərə də böyük maraq göstərir. Şamaxıya döndüktən sonra 1869-cu ildə orada yeni üsul üzrə məktəb açaraq ömrünün axırına qədər burada müəllim olur.Köhnə mollaxanalardan fərqli olaraq o, bu məktəbdə uşaqlara dini elmlərlə yanaşı, Azərbaycan və fars dillərini təlim edir, tarix, coğrafiya kimi fənlərdən ibtidai məlumat da verirdi.  Qeyd edək ki, Azərbaycanın görkəmli şairi Mirzə Ələkbər Sabir, məşhur yazıçı və pedaqoq Sultan Məcid Qənizadə və bir sıra başqa yazıçılar məhz bu məktəbdə oxumuşlar.

  Şairin əsərləri içərisində fərqli Şərq mənbələrindən etdiyi tərcümələr, Sədi, Hafiz və Füzuli şeirlərinə yazdığı nəzirələr də vardır. Lakin bunlar şairin zəngin bədii irsi içərisində az yer tutur. Seyid Əzim Şirvani yaradıcılığının çox hissəsi lirik janrda yazılmış orijinal əsərlərdən ibarətdir ki, bunların da çoxu qəzəllərdir. Bu qəzəllər içində də aşiqanə qəzəllər daha çoxdur.

  Müəllifin şeirə hərarət və can verən dərin lirikasını məhz bu qəzəllərdə görmək olur. Şairin qəzəllərində həyat sevgisi, nikbin əhvali-ruhiyyə, dini etiqad xüsusi yer tutur.
Şirvanin yaradıcılığının ikinci mərhələsi onun maarifçi və tənqidi-satirik şeirlərilə başlayır ki, artıq bu zamandan etibarən onun yaradıcılığında realizm üstünlük təşkil edir. 


O, "Əkinçi"də çap etdirdiyi şeirlərilə müasirlərini bu qəzeti oxumağa, ona kömək etməyə çağırırdı:
Bəs "Əkinçi" cəlalımızdır bizim,
Nasehi xoşməqalımızdır bizim.
Səy edək, ey guruhi-niksifat,
Etməsin ta bizim "Əkinçi" vəfat.
Şair 1888-ci ildə vəfat etmişdir.  

 Daha çox qəbul edilən versiyaya görə Seyid Əzim Şirvani 1888-ci ilin may ayının 20-də Şamaxı məscidində döyülərək öldürülüb. Bir versiyada isə süni sıxlıq yaradaraq basabasda onu əziblər. Onun məscidə daxil olmasını görən mollalar qışıqırıb "öldürün kafiri" sözü ilə xalqı buna səsləyiblər. Mənbələrə görə Meyidini güclə çıxardıblar və ailəsinə təhvil veriblər.