Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına köç prosesini milli təhlükəsizliyinin insan resursları əsasında gücləndirilməsini təmin edən amil kimi diqqətdə saxlayır.
05-08-2026
Çünki milli təhlükəsizlik hərbi, müdafiə qabiliyyəti ilə yanaşı, demoqrafik artımın, iqtisadi inkişafın, sosial harmoniyanın və siyasi sabitliyin bərqərar olmasına yönəlmiş səylərə əsaslanır. Yüksək təhlükəsizlik səviyyəsini təmin etmək üçün insan resursları milli müdafiənin və ictimai asayişin son dərəcə vacib mənbəyi kimi çıxış edir. Bu yanaşma özünü Qarabağ və Şərqi Zəngəzurda aparılmış işlərdə də özünü bariz şəkildə göstərir.
AZƏRTAC xatırladır ki, azad edilmiş ərazilərdə planlı məskunlaşdırma dinamikası Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” əsasında uğurla icra olunur. Bunun nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərdə hazırda yaşayan, fəaliyyət göstərən və təhsil alan şəxslərin ümumi sayı 90 mini ötüb.

Qeyd olunanlar Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasının praktiki tərəflərini tamamlayan hadisədir. Konsepsiyaya əsasən, Azərbaycan Xəzər-Qafqaz məkanında regional əməkdaşlıq üçün olduqca mühüm, bir çox hallarda isə həlledici dövlət olub, xüsusən enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində əvəzsiz rol oynamaqdadır.
Konsepsiyaya görə, Azərbaycanın təhlükəsizlik mühiti onun suverenliyi, ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, milli maraqları, davamlı inkişafı, əhalisinin rifah və dəyərlərinin qorunmasına təsir edən amillərin məcmusudur. Bu ümumi strategiyanın başlıca məqsədi Azərbaycanın çiçəklənməsi, davamlı inkişafı və əhalinin rifahının təmin edilməsi, eləcə də bütün regionda təhlükəsizliyi və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.
Qarabağ və Şərqi Zəngəzurda da təhlükəsizliyin təmini üçün insan kapitalına önəm verilməsinə geniş prizmadan baxmaq lazımdır. Bunu konseptual olaraq üç aspekt üzrə qeyd etmək olar:
- Qarabağda və Şərqi Zəngəzurda inkişafın, yenidənqurmanın və bərpanın parametrləri təhlükəsizlik subyektləri ilə məhdudlaşmır. Məsələyə yanaşmada daha genişölçülü səylər prioritetləşdirilir;
- Azərbaycanın müdafiəsinin təmin olunmasında və təhlükəsizliyinin qorunmasında əhali amili ümumi təhlükəsizlik konsepsiyasının elementi kimi önə çıxır;
- Regiona Böyük Qayıdış Azərbaycanın geosiyasi mövqeyinin gücləndirilməsinə, xarici investisiyaların cəlb edilməsinə və nəqliyyat-logistika layihələrinin (o cümlədən Zəngəzur dəhlizi (TRIPP marşrutu)) təhlükəsizliyinin beynəlxalq səviyyədə təminatına xidmət edir.
Məskunlaşdırma siyasətinə uyğun olaraq avqustun 5-də Xocavənd şəhəri, Qırmızı Bazar qəsəbəsi və Xocavənd kəndinə növbəti köç prosesi reallaşıb, yola salınan ailələr yurdlarına qovuşublar.

Xocavənd şəhərinə daha 20 ailə - 81 nəfər, Qırmızı Bazar qəsəbəsinə 2 ailə - 9 nəfər, Xocavənd kəndinə isə 5 ailə - 17 nəfər köçürülüb.
Nəticə etibarilə təhlükəsizlik strategiyasında hüquq-mühafizə subyektləri ilə yanaşı, əhali amilinə önəm verilməsi Azərbaycanın bütün aspektlərdə mövqelərini əlverişli edir. Çünki ərazilərdə daimi yaşayışın olması təhlükəsizliklə paralel, iqtisadi inkişafın, sosial rifahın və siyasi sabitliyin səmərəliliyini təmin edir.
Dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir ki, azad olunmuş ərazilərdə həyat sürətlə bərpa olunur.