Bayram günlərində yolunuzu Şamaxıdan salın: İşıqlar içindəki şəhər

Yeni ilin gəlişi Şamaxıda özünəməxsus bayram ab-havası yaradıb. Rayonun küçə və prospektləri, meydan və parkları al-əlvan işıqlandırmalar, rəngarəng bəzəklər və müasir dizaynda hazırlanmış Yeni il atributları ilə bəzədilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şamaxı rayonunda bayram hazırlıqları çərçivəsində genişmiqyaslı abadlıq və bəzək işləri aparılıb. Şəhərin giriş hissəsində, yeni salınmış dairəvi yolun ətrafında, eləcə də Heydər Əliyev parkında müasir işıqlandırma sistemləri quraşdırılıb, Yeni il kompozisiyaları, fiqurlu işıqlar və əyləncəli qurğular quraşdırılıb. Axşam saatlarında bu işıqlar şəhərə xüsusi gözəllik və ecazkar görüntü bəxş edir.

Bayram atributları ilə bəzədilmiş küçə və prospektlər Şamaxının ümumi görkəminə xüsusi rəng qatmaqla yanaşı, sakinlərin və şəhərə gələn qonaqların əhval-ruhiyyəsini yüksəldir. Uşaqlar üçün əyləncəli guşələr, ailələr üçün isə gəzinti məkanları yaradılıb. Şamaxıdakı bayram mənzərəsi Yeni ilin sevincini, ümid və xoş arzularını daha da gücləndirir.