Yaponiyanın Baş naziri Myanmada həbs olunan yapon jurnalistin azad edilməsinə çalışacaqlarını bildirib.....

Tokio Myanma hərbçiləri tərəfindən saxlanılan yapon jurnalistin azad edilməsi üçün var gücünü əsirgəməyəcək.

<Yaponiyanın Baş naziri Myanmada həbs olunan yapon jurnalistin azad edilməsinə çalışacaqlarını bildirib.....

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da Yaponiyanın Baş naziri Yoşihide Suqa bəyan edib.

Baş nazir deyib: “Hazırda Yaponiyanın Myanmadakı səfirliyi vasitəsilə hadisənin təfərrüatları aydınlaşdırılır. Biz soydaşımızın müdafiəsi və azadlığı üçün mümkün olan hər şeyi edəcəyik”.

Bu ərəfədə Yaponiyanın Myanmadakı səfirliyi bu ölkənin təhlükəsizlik qüvvələrinin 45 yaşlı yapon jurnalist Yuki Kitazumini etiraz nümayişlərini işıqlandırdığına görə həbs etdiyini təsdiqləyib. Həbsin yapon jurnalistin yaşadığı Yanqon rayonunda baş tutduğu və onun evində axtarış aparıldığı da qeyd edilir. Hazırda jurnalistin mobil telefonunun bağlı olduğu və onun həbsxanada saxlanıldığı bildirilir.

Qeyd edək ki, əvvəllər nüfuzlu “Nikkei” qəzetində çalışan Y.Kitazumi hazırda müstəqil jurnalist olaraq bir neçə kütləvi-informasiya vasitəsilə əməkdaşlıq edir. Onun fevral ayında da həbs edildiyi, lakin sonra dərhal azadlığa buraxıldığı bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio