Tüstü texnikasından istifadə etməklə rəsmləri ilə diqqət çəkən rəssam - Qazaxdan reportaj.....

Ötən il pandemiya ilə əlaqədar çətinliklərə baxmayaraq, Qazaxın Çaylı kənd sakini, rəssam Nəcməddin Hüseynov yaradıcılığında bir sıra uğurlar qazanıb. Belə ki, rəssamın əsərlərinə onlayn şəkildə baxış keçirildikdən sonra o, Rusiya Rəssamlar İttifaqına üzv seçilib. Daha sonra Moskvada təşkil edilən beynəlxalq sərgidə onlayn şəkildə iştirak edib.

<Tüstü texnikasından istifadə etməklə rəsmləri ilə diqqət çəkən rəssam - Qazaxdan reportaj.....

AZƏRTAC-ın müxbirinə yaradıcılığı haqqında danışan rəssam bunları deyib: “Əsərlərimə internet vasitəsilə baxdılar. Beynəlxalq sərgiyə təqdim etdiyim beş rəsmimdən biri - “Mənim babam” adlı əsərim rəngkarlıq üzrə Müasir İncəsənət Akademiyasının qızıl medalına layiq görüldü. Bu mənim üçün ən böyük uğurdur”.

Rəssam indiyə kimi əldə etdiyi uğurları paytaxta getmədən, elə yaşadığı Qazaxın Çaylı kəndindən əldə edib. Bununla o sübut edir ki, sənətini yaxşı bacarmaqla elə bölgələrdə də uğur qazanmaq olur. Üstəlik, rəssam qeyri-adi bacarığı ilə də diqqət çəkə bilib. O, ölkədə ilk dəfə olaraq tüstü texnikasından istifadə edərək də əsərlər ərsəyə gətirir. Yəni, nə fırçadan, nə də boyadan istifadə etmədən... “Bu cür rəsmlərin üstün cəhəti odur ki, boya, fırça işlətmədən rəsm çəkmək olur. Tüstünün də özünəməxsus forması var. Fikrimcə, tüstü ilə çəkilən rəsmlərin qalma müddəti yağlı boyadan çox olur. Həm də tüstü texnikası mənim xarakterimə uyğundur”, - deyə rəssam bildirib.

Rəsmləri şam tüstüsü ilə çəkmək olduqca səbir, təmkinlik və dəqiqlik tələb edir. İndiyədək ümumilikdə 3 mindən çox rəsm əsərlərinin müəllifi olan Nəcməddin Hüseynov tüstü ilə 30-dan çox əsər çəkib. Əsərləri indiyədək sərgilərdə dəfələrlə nümayiş olunub. Əl işlərini xaricdən internet vasitəsilə sifariş edərək alanlar da olub. On ildir Azərbaycan Rəssamlar İttifaqının üzvü olan rəssamın əsərləri bir sıra muzeylərdə və qalereyalarda yer alıb.