Süveyş kanalında yaşanmış insident insan faktoru nəticəsində baş verib.....

“Ever Given” konteyner gəmisinin saya oturması ilə Süveyş kanalında hərəkətin dayanmasına səbəb olan insident insan səhvi nəticəsində baş verib.

<Süveyş kanalında yaşanmış insident insan faktoru nəticəsində baş verib.....

AZƏRTAC Yaponiyanın Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Süveyş kanalının idarə rəhbəri Üsamə Rabiyə deyib.

Onun sözlərinə görə, gəmi kapitanının idarəetmə və sürət tənzimləməsi zamanı səhvə yol verməsi ehtimalı var. Əldə olan məlumatların analizi insidentin insan faktoru nəticəsində baş verdiyi fikrini gücləndirir. Həmçinin hadisə zamanı gəmidə kanal idarəsindən losmanın olmadığını deyən Üsamə Rabiyə Süveyş kanalı heyətinin hadisəyə görə məsuliyyət daşımadığını vurğulayıb.

“Losman məsləhətlər verir, lakin son qərar kapitanındır. Bizim tərəfdən heç bir səhv buraxılmayıb və hadisə ilə bağlı heç bir məsuliyyət daşımırıq”, - deyə Süveyş kanalının idarə rəhbəri əlavə edib.

Qeyd edək ki, martın 23-də səhər saatlarında Çindən Rotterdama üzən və uzunluğu 400 metr, yükdaşıma qabiliyyəti isə 224 min ton olan “Ever Given” konteyner gəmisi Süveyş kanalının 151-ci kilometrində saya oturmuş və kanalın yolunu bağlamışdı. Nəticədə baş verən nəqliyyat böhranı yük gəmilərinin altı gün növbədə dayanmasına səbəb olmuşdu. Gəmi martın 29-da axşam saatlarında saydan çıxarılmış və kanalda naviqasiya bərpa edilmişdi. Bütün bu müddət ərzində 400-dən çox gəmi keçiddə növbəyə düzülmüş, tıxac isə demək olar, Hindistana qədər uzanmışdı.