Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək....

Hər dövrün öz çağırışları var. Azərbaycanın bu çağırışları yüksək səviyyədə həyata keçirməsi uğurlarının davamlılığında əhəmiyyətli rol oynayır. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz zəngin neft və qaz resurslarına malik olsa da, gələcəyini təmiz yaşıl enerji istehsalında və ixracında görür.

<Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək....

Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə hədəflənir. Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına- COP29-a ev sahibliyi də mühüm məqamları və çağırışları özündə ehtiva edir. Ümumilikdə yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov səsləndirib.

Ölkəmizin iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verdiyini xatırladan deputat qeyd edib ki, tarixi Zəfərimizin reallıqları əsasında gündəmə gələn çağırışların ehtiva olunduğu “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də qarşıdakı illərdə beş əsas prioritetin reallığa çevrilməsi qarşıya əsas hədəf kimi qoyulur. Bunlardan biri də təmiz ətraf mühit və yaşıl artım ölkəsidir. Prezident İlham Əliyevin 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik İli” elan edilməsi ilə bağlı Sərəncamında da qeyd edilir ki, bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan baza ili (1990) ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb.

Azərbaycanın tarixən neft ölkəsi olduğunu deyən Malik Həsənov diqqətə çatdırıb: “Ölkəmiz daim malik olduğu təbii resurslara görə dünyanın diqqətindədir. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin malik olduğu iqtisadi resurslardan səmərəli istifadəsi üçün geniş imkanların yaranması Azərbaycana diqqəti daha da artırdı. Bu gün ölkəmizin etibarlı və arzuolunan tərəfdaş kimi tanınmasında, nüfuz qazanmasında uğurla həyata keçirdiyi, gələcəyə hesablanmış enerji siyasəti dayanır. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri regional inkişafın aparıcı qüvvəsi, dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınmasını şərtləndirir. Azərbaycan hazırda qaz ixracatçısı kimi də nüfuz qazanıb. Cari ilin son ayında Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyev enerji diplomatiyamızın uğurlarından bəhs edərkən bu rəqəmi də açıqladı ki, Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.

Əməkdaşlığın coğrafiyasının genişlənməsinə yönələn layihələrin reallığa çevrilməsi əsasında Azərbaycanın beynəlxalq aləmdə artan rolu və möhkəmlənən mövqeyi daha aydın görünür. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, bu layihələr dövlətləri, xalqları bir araya gətirir, əməkdaşlıq körpüsünü daha da möhkəmləndirir”.

Deputat vurğulayıb ki, hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Bu çağırışın tarixi Zəfərimizdən sonra daha da aktuallaşdığı diqqətdən kənarda qalmır. Təkcə 2023-cü ildə dövlətimizin başçısının xarici ölkələrə səfərləri çərçivəsində keçirdiyi görüşlərə, iştirak etdiyi beynəlxalq tədbirlərdə çıxışlarına diqqət yetirsək, Azərbaycanın iqtisadi inkişafı fonunda enerji siyasətimizin uğurlarına xüsusi diqqət yönəldilir, neft və qaz ilə yanaşı, bərpaolunan enerji potensialımız barədə də geniş məlumat verilir.

“Qarabağın, Şərqi Zəngəzurun, eləcə də Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonasına çevrilməsi reallıqdır. “Yaşıl dünya naminə həmrəylik İli” ilə bağlı Sərəncamda da vurğulandığı kimi, azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, - deyə Malik Həsənov vurğulayıb.