Novruz - Türk dünyasının birlik və qardaşlıq bayramıdır

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Novruz-Türk dünyasının birlik və qardaşlıq bayramıdır” şüarı altında konsert təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə mədəniyyət xadimləri, media nümayəndələri və Daşkənddə yaşayan azərbaycanlı soydaşlarımız iştirak ediblər.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli qeyd edib ki, Novruz bayramı Türk dünyasını birləşdirən ortaq mənəvi dəyərlərin və qədim ənənələrin parlaq ifadəsidir. O bildirib ki, əsrlər boyu qeyd olunan bu bayram xalqlar arasında dostluq, həmrəylik və qarşılıqlı ehtiram kimi dəyərlərin qorunub saxlanmasına xidmət edib.

O bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən məhz belə ortaq mədəni irs iki ölkə arasında münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. O vurğulayıb ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasət nəticəsində iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətləri, o cümlədən mədəni-humanitar əlaqələr ardıcıl şəkildə inkişaf edir.

Tədbirdə, həmçinin Özbəkistan Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük İnstitutunun rəisi Mi̇razam Xamrayev və Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunun rektoru Eldor Şermanov çıxış edərək iştirakçıları Novruz bayramı münasibətilə təbrik ediblər. Onlar bu bayramın xalqları birləşdirən mühüm mənəvi dəyər olduğunu qeyd edərək, Azərbaycan və Özbəkistan arasında dostluq münasibətlərinin daha da möhkəmləndiyini vurğulayıblar.

Konsert proqramında Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədova, ifaçılar Fəxri Kazım-Nicat və Kamran Məmmədəliyev, Özbəkistanın Əməkdar artistləri İlyos Arabov və Mоhiçehra Şamuratova, eləcə də digər ifaçılar və musiqi ansamblları iştirak ediblər. Proqram çərçivəsində Azərbaycan və Özbəkistan musiqi nümunələri səsləndirilib, müxtəlif musiqi ansamblları tərəfindən xalq və estrada janrlarını əhatə edən ifalar təqdim olunub.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin “Xarıbülbül” teatr truppası və “Qarabağ Zəfəri” rəqs ansamblının çıxışı maraqla qarşılanıb.