AzMİU müəllimi Şanxay beynəlxalq elmi-tədqiqat proqramının qrantını qazanıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasının baş müəllimi, kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyevanın rəhbərlik etdiyi layihə Şanxay Elm və Texnologiya Komissiyasının proqramı “Shanghai Sci-tech Co-research Program) çərçivəsində qrant qazanıb.

<AzMİU müəllimi Şanxay beynəlxalq elmi-tədqiqat proqramının qrantını qazanıb

Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, proqram Şanxayda fəaliyyət göstərən təşkilatlarla xarici gənc alimlər arasında beynəlxalq elmi əməkdaşlığın və birgə tədqiqatların inkişafını dəstəkləyir. 2026–2028-ci illəri əhatə edən layihə Çinin “Feishu (Shanghai) Technology Co., Ltd.” şirkəti ilə birgə həyata keçiriləcək. Tədqiqatın əsas məqsədi yumşaq robototexnika üçün innovativ sensor materiallarının hazırlanmasıdır. AzMİU layihədə akademik tərəfdaş kimi iştirak edəcək.

Qeyd edək ki, Rəna Xankişiyeva noyabr ayında Şanxayda keçirilən 24-cü Beynəlxalq Peşəkarlar Mübadiləsi Konfransında (CIEP 2026) da iştirak edib. O, konfransda Xəzər dənizində plastik çirklənmə probleminə həsr olunmuş elmi məruzə ilə çıxış edib. Tədbir çərçivəsində 2020-ci il Stokholm Su Mükafatı laureatı, professor John Cherry ilə görüşərək gələcək elmi əməkdaşlıq perspektirlərini müzakirə edib.