ermənistanın törətdiyi müharibə cinayətləri bu ölkənin faşist xislətindən xəbər verir.....

ermənistan Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxladığı dövrdə həm sözdə, həm də əməldə təxribatlar törədir, qəsbkar siyasət yürüdür, külli miqdarda silah və sursat tədarük edir, qüvvələrini təmas xətti boyunca cəmləşdirirdi. Bununla da düşmən ölkə regiondakı gərginliyin ciddi şəkildə artmasına bilərəkdən şərait yaradır, eyni zamanda, işğalçı mövqeyindən çəkilmədiyini, terrorçu dövlət olduğunu təsdiqləyirdi.

<ermənistanın törətdiyi müharibə cinayətləri bu ölkənin faşist xislətindən xəbər verir.....

Bunu AZƏRTAC-a açıqlamasında AMEA Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırov deyib.

Emin Bağırov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrində, nitqlərində ermənistanın hərbi-siyasi rəhbərliyinin cinayətkar olması, terror əməlləri törətməklə faşist xislətini büruzə verməsi barədə dəfələrlə bəhs edib. Ölkə rəhbəri ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransdakı çıxışında da bu barədə ətraflı danışıb. Dövlətimizin başçısı düşmənin Qarabağda və ətraf rayonlarda hər yeri xarabalığa çevirdiyini, bütün infrastrukturu tamamilə dağıtdığını, qədim tarixə, nadir maddi və mənəvi irsə, zəngin yeraltı, yerüstü sərvətlərə vəhşicəsinə yanaşdığını, əraziləri minaladığını bir daha diqqətə çatdırıb.

Diqqəti Vətən müharibəsində işğalçının beynəlxalq aləmi ciddi narahat edən bir əməlinə də yönəldən fəlsəfə doktoru deyib: “Müharibə vaxtı ermənistan ordusunun dünyanın əhəmiyyətli qlobal enerji layihələrindən olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərini, habelə Səngəçal terminalını raket atəşinə tutmaq istəyi, başqa sözlə, buna cəhd göstərməsi işğalçının beynəlxalq aləmə saymaz münasibətindən xəbər verirdi. Bu, həmçinin regionda böyük təhlükə mənbəyinin mövcudluğunun, düşmənin terrorçuluğa xüsusi diqqət ayırmasının göstəricisi idi”.

ermənistan müharibənin gedişində istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı da ardıcıl təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayır və beləliklə, müharibə cinayətlərini davam etdirirdi. İşğalçı tərəfindən Gəncə şəhərinə ballistik raketlərin atılması, nəticədə neçə-neçə mülki əhalinin həyatını itirməsi, yaralanması, onların arasında uşaqların da olması erməni faşizminin beynəlxalq hüququn norma və prinsiplərinə saymazlığını göstərir, onun sülh və insanlıq əleyhinə yönələn təcavüzkar xislətindən, müharibə və terror prinsiplərinə sadiqliyindən xəbər verirdi.

Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransdakı çıxışında bununla bağlı bildirib: “Gəncə şəhərinə ballistik raketlərin atılması barbarlığın aydın göstəricisidir. Çünki həmin ballistik raketin hədəfi var idi. Yaşayış komplekslərinin vurulması təsadüfi deyildi. Bu, gecə vaxtı insanların yatdığı zaman hədəflənmiş hücum idi. Bu, bir dəfə olmadı, bir neçə dəfə baş verdi. Onlar bundan sonra nə etdilər? Dedilər ki, bu, onlar deyil. ermənistan rəsmiləri bildirdilər ki, bunları edən ermənilər deyil. Onda kim bunu etdi? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar Xocalı soyqırımının günahını da bizim üzərimizə atmaq istəyirdilər. Onlar belə hekayələr uydurur, beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri günahsız insanları qətlə yetiriblər. Onlar “Toçka U” və “Elbrus” raketləri ilə də eynisini etdilər”.

Emin Bağırov qeyd edib ki, Vətən müharibəsində düşmənin Bərdə, Naftalan, Tərtər, Ağdam, Daşkəsən və digər şəhərlərə qarşı da insanlığa sığmayan belə əməlləri nəticəsində çox sayda dinc sakin qətlə yetirildi, yaralandı, sosial infrastruktur dağıdıldı. Bu terror aktları Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Bu vandalizm, barbarlıq aciz vəziyyətə düşən Ermənistanın cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan alması məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında körpələrin olması isə onun qəddarlığının, insanlığa sığmayan əməllərinin göstəricisi idi.

E.Bağırov vurğulayıb ki, bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu dinc sakinlərimizə qarşı cinayət törədən erməni terrorçularını döyüş meydanında layiqincə cəzalandırdı. Cəbhə bölgəsindən kənar yaşayış məntəqələrində törədilən cinayətlərin qisası artıqlaması ilə alındı. Lakin bu hadisələr, eyni zamanda, özünü dünyaya insan hüquqlarını müdafiə edən təşkilatların fəaliyyətləri barədə də aydın təsəvvür yaratdı. Məlum oldu ki, əslində, onlar insan hüquqlarının müdafiəçisi deyil, sadəcə, bu mövzunu əllərində siyasi alətə çevirərək ayrı-ayrı ölkələrə siyasi təzyiq mexanizmi kimi istifadə edirlər.

Buna görə də Azərbaycan günahsız vətəndaşlarının qisaslarının alınmasında öz ordusuna güvəndi. Rəşadətli Silahlı Qüvvələrimiz tərəfindən Azərbaycan vətəndaşlarına qarşı müharibə cinayətləri törədən erməni faşizmi layiqli cavabını aldı.