Almaniya koronavirusun tədqiqatına 1,6 milyard avro vəsait ayıracaq.....

Almaniyanın Təhsil və Elmi Tədqiqatlar Nazirliyi koronavirusun tədqiq olunmasına 1,6 milyard avroya yaxın vəsait ayıracaq.

<Almaniya koronavirusun tədqiqatına 1,6 milyard avro vəsait ayıracaq.....

AZƏRTAC DPA agentliyinə istinadla xəbər verir ki, bu vəsaitdən 627 milyon avro koronavirus əleyhinə peyvəndin hazırlanması ilə məşğul olan Almaniyanın “BioNTech” kompaniyası və Tübingen şəhərində yerləşən “CureVac” əczaçılıq firması üçün nəzərdə tutulub. Eyni zamanda, bu məbləğin Almaniya hakimiyyəti tərəfindən 2020-ci ildə səhiyyə sahəsindəki tədqiqatlara ayrılan 2,9 milyard avro həcmində vəsaitə əlavə olaraq verildiyi vurğulanır.

Helmholtz adına İnfeksiya Xəstəliklərinin Tədqiqatı Mərkəzi (HZI) və Almaniya İnfeksiya Tədqiqatları Mərkəzi (DZIF) ölkədə COVID-19 infeksiyasının tədqiqatı üzrə ixtisaslaşan əsas elmi institutlar sayılır. Beləliklə, HZI bu vəsaitdən təxminən 32 milyon avro, DZIF isə 5,8 milyon avro alacaq.

Qeyd edək ki, pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına əsasən, Almaniyada son 24 saat ərzində koronavirusa 13 min 400-dən çox yoluxma halı qeydə alınıb və ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 3 milyon 164 min nəfəri ötüb. Eyni zamanda, infeksiya səbəbindən ölənlərin sayı son sutka ərzində 183 nəfər artaraq 80 min 774 nəfərə çatıb.