ABŞ sərhədini qeyri-leqal şəkildə keçənlərin sayı 15 illik rekord həddə çatıb.....

ABŞ sərhədini qeyri-qanuni şəkildə keçən miqrantların sayı son 15 ildə ən yüksək səviyyəyə çatıb, bu ölkəyə valideynlərinin müşayiəti olmadan gələn uşaq və yeniyetmələrin rekord saya çatması isə onlara nəzarət etməyə imkan vermir.

<ABŞ sərhədini qeyri-leqal şəkildə keçənlərin sayı 15 illik rekord həddə çatıb.....

AZƏRTAC ABŞ-ın Gömrük və Sərhəd Nəzarəti xidmətinin məlumatlarına istinadla xəbər verir ki, bu ilin mart ayında amerikalı agentlər 171 mindən çox miqrantı həbs ediblər. Bu fakt hazırda ABŞ-a qeyri-leqallar axınının guya əvvəlki illərin müvafiq göstəricilərindən heç nə ilə fərqlənmədiyini deyən Baydenin sözlərinə ziddir. Yanvar ayından bəri sərhəddə həbslərin sayının 2 dəfədən çox artması onu göstərir ki, guya daha humanist immiqrasiya siyasəti yürüdəcəyini vəd edən Bayden administrasiyasının üzləşdiyi problemin miqyası get-gedə artmaqdadır.

İndi Bayden administrasiyasından olan məmurlar Mərkəzi Amerikadan olan uşaq və yeniyetmələrin bir-birinə sığınaraq qanunla icazə verilən müddətdən artıq qaldığı sığınacaqlardakı yataq yerlərinin sayını qısa müddətdə artırmağa çalışırlar ki, həmin çadırlarda təhlükə vəziyyət yaranmasın. uşaq və yeniyetmələr bu çadırlarda günlərlə yatmalı olur.

Gömrük və Sərhəd Nəzarəti xidməti mart ayında yaşlıların müşayiət etmədiyi 18 min 800-dən çox yetkinlik yaşına çatmamış şəxsi qəbul edib. Bu, fevral ayı üzrə müvafiq rəqəmlə müqayisədə 99 faiz çox və 2019-cu ilin may ayında qeydə alınmış əvvəlki maksimumdan (11.861 nəfər) xeyli yüksəkdir. Ailəvi qrupların tərkibində ABŞ-a gələn miqrantların sayının artması aşkar görünür. Mart ayında bu göstərici 53 mindən çox olub. Müqayisə üçün xatırladaq ki, yanvar ayında belə miqrantların sayı 7 min 294, fevral ayında isə 19 min 246 nəfər olub.

Bayden Prezident vəzifəsində fəaliyyətə başlayanda immiqrantlara daha xoş münasibət göstəriləcəyini və Trampın sərt siyasətindən imtina olunacağını vəd etmişdi. Onun administrasiyası deportasiyaya 100 günlük moratorium elan edib, Trampın miqrantlara sığınacaq verilməsini məhdudlaşdıran ziddiyyətli siyasətini ləğv edib və milyonlarla insanın ABŞ vətəndaşlığı almasına imkan verən immiqrasiya haqqında qanun təklif etmişdi. Bayden administrasiyası bəyan edib ki, Mərkəzi Amerikadan yaşlıların müşayiəti olmadan gəlmiş yetkinlik yaşına çatmamış şəxslərin öz ölkələrinə qayıtması üçün 2020-ci ilin martında pandemiyanın əvvəlində tətbiq edilmiş fövqəladə tibbi yardım haqqında sərəncamdan istifadə edilməyəcək, bunun əvəzinə həmin şəxslərin qanuna müvafiq şəkildə humanitar müdafiə axtarmasına imkan veriləcək.

AZƏRTAC-ın Vaşinqton bürosu