Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir.....

“Heydər Əliyev İli” çərçivəsində oktyabrın 18-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvlərinin gənclərlə növbəti görüşü keçirilib. Tədbirdə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonlarından olan gənclər iştirak ediblər.

<Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti gənclər üçün nümunədir.....

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, Lənkəran şəhər Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri açan YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev “Heydər Əliyev İli”ndə Yeni Azərbaycan Partiyasının silsilə tədbirlər keçirdiyini bildirib. Ulu Öndərin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərdiyini söyləyən İqbal Əmənullayev dahi şəxsiyyətin ideyalarının gənc nəslə aşılanmasının vacibliyindən danışıb.

YAP Veteranlar Şurasının üzvü Nazim İsmayılov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədilik qazandığını vurğulayıb. Bildirib ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə yorulmaz fəaliyyət göstərərək qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.

Partiyanın Veteranlar Şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva vurğulayıb ki, gənclərlə görüşün keçirilməsində məqsəd dahi şəxsiyyət Heydər Əliyevin əbədiyaşar ideyalarının yeni nəslə çatdırılmasıdır. Çünki Azərbaycanın müasir tarixi, ölkəmizin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu dövrlərdə respublikamız və xalqımız üçün müstəsna xidmətlər göstərib.

Daha sonra gənclərin sualları cavablandırılıb.