Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

Vergi Məcəlləsində edilən dəyişikliyə əsasən, 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətinə neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərinə ƏDV-nin depozit hesabındakı vəsaitdən dövlət sosial müdafiə fonduna (DSMF) ödəniş etmək imkanı yaradılır. Bu vəsaitin köçürülməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qayda və şərtlər əsasında həyata keçiriləcək.

<Vergi Məcəlləsinə dəyişiklik sahibkarların maliyyə imkanlarını genişləndirəcək

İqtisadçı-ekspert Xalid Kərimli AZƏRTAC-a açıqlamasında bildirib ki, bu dəyişiklik xüsusilə maliyyə resursları məhdud olan kiçik sahibkarlar, eləcə də fəaliyyətə yeni başlayan və əsas vəsaitlərə investisiya yatıran biznes subyektləri üçün mühüm əhəmiyyət daşıyır.

“Bununla yanaşı, yenilik bütün sahibkarların maliyyə imkanlarının genişlənməsinə xidmət edəcək. İndiyədək sahibkarların ƏDV depozit hesabında vəsait olsa da, həmin vəsaitdən yalnız məhdud məqsədlər üçün istifadə etmək mümkün idi. Dövlət Sosial Müdafiə Fonduna ödəniş zamanı isə sahibkar vəsaiti cari hesabından köçürməli, bunun üçün əlavə maliyyə mənbəyi tapmalı olurdu. DSMF ödənişləri də dövlət büdcəsinə yönələn və vergi orqanlarının hesabat sistemi vasitəsilə idarə edə bildiyi ödənişlərdir. Bu məhdudiyyət, xüsusilə maliyyə resursları məhdud olan sahibkarlar üçün ciddi çətinlik yaradırdı. Ümumilikdə isə sahibkarların vəsaitləri daim dövriyyədə olduğu halda, ƏDV depozit hesabındakı vəsait faktiki olaraq istifadəsiz, "dondurulmuş" vəziyyətdə qalırdı”, - deyə o qeyd edib.

X.Kərimlinin sözlərinə görə, dəyişiklik nəticəsində sahibkarlar DSMF ödənişlərini də ƏDV depozit hesabındakı vəsait hesabına həyata keçirə biləcəklər: “Bu isə onların "dondurulmuş" vəsaitinin həcmini azaldacaq, likvidliyini və ödəmə qabiliyyətini yaxşılaşdıracaq, sosial sığorta ödənişlərini vaxtında icra etməyə imkan verəcək. Beləliklə, sahibkarlar üçün əlavə maliyyə mənbəyi formalaşacaq, ödənişlərin gecikməsi və bununla bağlı cərimə riskləri azalacaq.

Dəyişiklik xüsusilə ixracyönümlü qeyri-neft sektoru üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, ixrac əməliyyatları ƏDV-yə cəlb olunmadığından, sahibkarlar idxal zamanı ƏDV ödəsələr də, məhsulu emal edib ixrac etdikdə həmin ƏDV üzrə davamlı artıq ödəniş yaranır və vəsait ƏDV depozit hesabında toplanırdı. Bu vəsaitin dövlət büdcəsindən geri qaytarılması isə mürəkkəb proses hesab olunur. Yeni mexanizm həmin vəsaitdən alternativ məqsədlə – işçilərin DSMF ödənişlərinin həyata keçirilməsi üçün də istifadə imkanı yaradacaq. Beləliklə, təklif olunan dəyişiklik bütün sahibkarlar üçün müsbət qiymətləndirilsə də, xüsusilə maliyyə imkanları məhdud olan biznes subyektləri və ixracyönümlü qeyri-neft şirkətləri üçün də praktiki fayda vəd edir”.