Yunus Əmrənin “Divan”ı çapdan çıxıb.....

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Yunus Əmrənin “Salam olsun” (“Divan”) kitabını çap edib. 

<Yunus Əmrənin “Divan”ı çapdan çıxıb.....


Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, nəşrin ideya müəllifi və “Yunus Əmrə dastanı” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəylidir. “Divan”da Əbdülbaqi Gölpınarlının “Yunusun yaşadığı çağ” (1971) və Mustafa Tatçının “Yunus Əmrə şeirinə sözbaşı” (2021) araşdırmaları da yer alıb. Kitabın tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Hümmətovadır.
İnstitutun çap etdirdiyi kitab XIII əsr türk şairi Yunus Əmrənin Türkiyədə müxtəlif illərdə çap olunmuş divan nəşrlərindən istifadə olunmaqla tərtib olunub. Nəşrdə şairin müxtəlif məzmunlu ilahiləri ilə yanaşı, əxlaqi-fəlsəfi, dini-tərbiyəvi baxışlarını əks etdirən öyüd-nəsihət əsəri “Risalətün-Nüshiyyə” didaktik məsnəvisi, Fatih Köksalın yeni tapdığı 17 şeiri və Vatikan nüsxəsinə aid iki şeiri də yer alıb. 
“Elm və təhsil” nəşriyyatında çap olunan 572 səhifəlik kitabda geniş məzmunlu açıqlama və lüğətlər, şairin istifadə etdiyi tarixi mənbələr də əksini tapıb.