Yeni dövrün qalib Sərkərdəsi.....

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət başçısı postuna seçilməsinin növbəti ildönümü ərəfəsindəyik. Dövlətimizin başçısı İlham Əliyevin şəxsiyyəti, Prezident kimi fəaliyyəti haqqında dünyanın bir çox nüfuzlu siyasi xadimlərinin dilindən müsbət fikirlər eşitmişik. Bu fikirlərin arasında ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabr ayında xalqa müraciətində səsləndirdiyi “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir” fikri xüsusi çəkiyə malikdir.

<Yeni dövrün qalib Sərkərdəsi.....

AZƏRTAC xəbər verir ki, bu fikirlər Qarabağa Dönüş Təşkilatının rəhbəri, Milli Məclisin deputatı Tural Gəncəliyevin “Yeni dövrün qalib sərkərdəsi” sərlövhəli məqaləsində yer alıb.

Bildirilib ki, Prezident İlham Əliyev öz fəaliyyəti ilə ümummilli lider Heydər Əliyevin sözlərinin həqiqətən fundamental əsaslara söykəndiyini təsdiq etdi. Böyük siyasi xadim Heydər Əliyev bu fikirləri ilə təkcə İlham Əliyevin keyfiyyətlərini sadalamırdı, həm də canı qədər sevdiyi Azərbaycanı ən etibarlı bir şəxsiyyətə həvalə etdiyini bəyan edirdi. Zaman keçdikcə Ulu Öndərin bütün dedikləri Prezident İlham Əliyevin fəaliyyətində öz təsdiqini tapdı. Hətta bu fikirlərə bir söz də əlavə olundu - qalib Sərkərdə!

Dünyanın ən nüfuzlu siyasi dairələrinə Prezident İlham Əliyevin siyasətçi, iqtisadçı, diplomat və bir sözlə, liderlik keyfiyyətləri çoxdan məlumdur. Son bir ildə isə dünya dövlətimizin başçısının daha çox Ali Baş Komandan keyfiyyətlərini müzakirə edir və bunu öz nəşrlərində müxtəlif formada qısqanclıqla qeyd etməyə məcbur olur.

Prezident İlham Əliyev qalib Sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. O, təkcə 2020-ci ilin qəhrəmanı deyil. Bu dahi şəxsiyyət Azərbaycan tarixinin son 200 ilinin qəhrəmanıdır. Ümid edirəm ki, yüz illər sonra da Azərbaycan əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən siyasi kursla davam edəcək.

Bir qayda olaraq, əksər ölkələrdə hakimiyyət başına gələn şəxslər xalqa vədlər verirlər. Onlara hakimiyyətləri dövründə bu vədlərin heç yarı faizini reallaşdırmaq müyəssər olmur. Tam əminliklə demək olar ki, Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Azərbaycana Prezident kimi rəhbərlik etdiyi 18 ildə ölkəmizin bütün sahələrində sürətli inkişafına nail olunub, insanların rifah halı yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib və ən əsası da 30 il ərzində pozulmuş ərazi bütövlüyümüz bərpa edilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunub və gələcək inkişaf üçün zəmin yaradılıb.

Prezident İlham Əliyev Azərbaycan siyasi sistemə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi, öz fəaliyyəti və davranışı ilə siyasi sistemimizə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi.

Dövlətimizin başçısının sosial dövlət fəlsəfəsi dərin köklərə əsaslanır. Prezident İlham Əliyevin daxili siyasət kursunun çox mühüm istiqamətlərindən birini də sosial siyasət təşkil edir. Bu siyasətin ən önəmli istiqamətlərindən biri ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğıdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.

Bu gün tam əminliklə deyə bilərik ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün fəaliyyəti Qarabağın azadlığına hesablanmışdı. Buna görə atılan hər bir addım Azərbaycanı Qarabağın azadlığına daha da yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyi sayəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.

Növbəti mərhələdə isə hədəf Qarabağın bərpası və Böyük Qayıdış strategiyasını reallaşdırmaqdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının Lideri kimi əsas missiyası düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin dövlətin və xalqın gücü ilə yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Bu qayıdış Böyük Qayıdış olmaqla, təkcə azərbaycanlıların Qarabağa deyil, vaxtilə deportasiya edildikləri bütün tarixi torpaqlarına qayıdışını əhatə edəcək. İndi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük uzaqgörənliklə qurduğu strategiya Azərbaycan dövlətini daha qüdrətli, Azərbaycan xalqını daha güclü, Azərbaycan bayrağını daha uca etməyə hədəflənib.