Yay mövsümündə ən çox qida zəhərlənmələrinə səbəb olan amillər.....

Qida zəhərlənmələri ən çox yay mövsümündə baş verir. Həmin mövsümdə istifadə edilən bəzi məhsullar var ki, onlar xüsusi risk qrupuna daxildir. Məsələn, yemiş və qarpız torpaqda olan nitratları özünə çəkmək xüsusiyyətinə malikdir. Nitratı çox olan qarpız iri, çəhrayı rəngdə və şirin olur. Əslində, az nitratlı və təhlükəsiz qarpız al qırmızı rəngdə və içərisində sap şəklində ağ zoğlar olmalıdır.

<Yay mövsümündə ən çox qida zəhərlənmələrinə səbəb olan amillər.....

Bakı şəhər Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnarə Babayeva AZƏRTAC-a dediyinə görə, süd məhsulları, yumurta, şokolad, tort, konserv olunmuş qidalarda da bəzi mikroorqanizmlər və toksinlərin daşıyıcıları ola bilər. Bundan başqa zəhərlənmənin digər səbəbi məhsulun yaxşı yuyulmamasıdır: “Qida zəhərlənməsi zamanı ürəkbulanma, halsızlıq, qusma və hətta bayılma da müşahidə oluna bilər. Çox qusma və ishal baş verdikdə şok yaranması da mümkündür. Qida zəhərlənməsindən şübhələnmə baş verdikdə xəstəyə çoxlu maye içirmək və həkim yardımına üz tutmaq lazımdır”.

Qidaların qəbulundan sonra zəhərlənmə əlamətləri 1 saatdan 6 saata qədər, eləcə də 2-5 gün arasında dəyişə bilər. Şikayətlər 24 saat ərzində yaxşılaşmağa doğru getmirsə, xəstənin ağızdan maye qəbulu mümkün deyilsə, yüksək hərarət varsa, dərhal xəstəxanaya müraciət edilməlidir.