Yaponiyanın “YouTube” kanalında Azərbaycanın Qurtuluş Gününə həsr olunan veriliş yayımlanıb.....

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycanın Qurtuluş Günü münasibətilə xüsusi veriliş yayımlanıb.

<Yaponiyanın “YouTube” kanalında Azərbaycanın Qurtuluş Gününə həsr olunan veriliş yayımlanıb.....

AZƏRTAC xəbər verir ki, verilişin aparıcısı Kazuyasu İşida əvvəlcə Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin karbohidrogen ehtiyatları barədə yapon izləyiciləri ətraflı məlumatlandırıb. Müstəqilliyin bərpasından sonra Azərbaycan xalqının böyük çətinliklərlə qarşılaşdığını qeyd edən aparıcı məhz ümummilli lider Heydər Əliyevin Bakıya qayıdışından sonra bu problemlərin aradan qaldırıldığını vurğulayıb. Bildirib ki, Ulu Öndər ölkədə yaranmış xaosu, hakimiyyət uğrunda mübarizəni qısa zaman kəsiyində aradan qaldırıb, vətəndaş müharibəsinin qarşısını alıb. Qardaş qırğını səviyyəsinə qalxmış qarşıdurmanı dayandıraraq ölkəni sabit inkişaf və tərəqqi yoluna çıxarıb. Heydər Əliyevin xilaskarlıq missiyasının əhəmiyyətini dərindən başa düşən Azərbaycan xalqı tezliklə onun əvvəlcə Milli Məclisin sədri, bir neçə aydan sonra isə prezident seçilməsini dəstəkləyib.

K.İşida bildirib ki, dövlət idarəçiliyi sahəsində zəngin təcrübəyə və beynəlxalq aləmdə böyük nüfuza malik Heydər Əliyev nəinki ölkə daxilində qarşıdurmanı dayandırıb, həmçinin ermənistanın işğalçı siyasətinin qarşısını alaraq atəşkəsə nail olub. Bu isə Azərbaycana gərgin vəziyyətdən çıxmağa və sivil inkişaf yolu ilə addımlamağa imkan yaradıb.

Verilişdə Ümummilli Liderin banisi olduğu neft strategiyası əsasında həyata keçirilən nəhəng beynəlxalq enerji layihələrindən də bəhs olunub. Bildirilib ki, 1994-cü ilin sentyabrında dünyanın aparıcı şirkətlərinin iştirakı ilə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün geniş imkanlar açıb. Bu yataqların mənimsənilməsi və Avropaya nəqli üçün bir çoxlarının xəyal adlandırdığı Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşasına başlanıb və bu layihələr qısa müddətdə həyata keçirilib.

Verilişdə Avropanın qaz təchizatında mühüm rol oynayan TAP və TANAP layihələri barədə də ətraflı məlumat verilib. Qeyd edilib ki, 2020-ci il dekabrın son günü işə salınan TAP boru kəməri “Şahdəniz” yatağından hasil edilən Azərbaycan qazının Türkiyə vasitəsilə Yunanıstan, İtaliya və Bolqarıstana nəqlinə şərait yaradıb.

Verilişdə ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın Qələbəsi ilə başa çatmasından sonra həmin ərazilərdə aparılan yenidənqurma və bərpa işləri barədə də məlumat verilib. Bildirilib ki, Azərbaycan həmin ərazilərdə böyük quruculuq və bərpa işlərinə başlayıb. Bərpa işləri və yeni infrastrukturun yaradılması ilə əlaqədar layihələrdə Yaponiya şirkətləri də yaxından iştirak edirlər.

Azərbaycanın həmişə Yaponiyaya dost münasibət bəslədiyini vurğulayan K.İşida 2017-ci ildə Bakıda keçirilən “Yapon qida məhsulları sərgisi” barədə də danışıb. Vurğulayıb ki, Fukuşimada istehsal edilən məhsullar Azərbaycan bazarına çıxarılıb. Fukuşima prefekturasının əhalisi bu dost yardımına görə Azərbaycan xalqına minnətdardır.

K.İşida bildirib ki, bu hadisə Yaponiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün xoş məramın olduğuna bariz sübutdur və iki ölkənin digər sahələrdə də əlaqələrinin hər iki tərəf üçün faydalı olacağını təsdiqləyir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio