Xarıbülbül əfsanəsinə yenidən can verən kitab - “Xarıbülbülün nağılı”.....

Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uşaq yazıçısı Aybəniz İsmayılovanın “Xarıbülbülün nağılı” kitabının təqdimatı və imza saatı keçirilib.

<Xarıbülbül əfsanəsinə yenidən can verən kitab - “Xarıbülbülün nağılı”.....

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində kitab haqqında məlumat verilib.

Bildirilib ki, “TEAS Press” Nəşriyyat evi tərəfindən çap olunan kitabda 44 günlük Vətən müharibəsindən sonra Qələbəmizin rəmzinə çevrilən xarıbülbül əfsanəsinə yenidən can verilib. Kitabda xarıbülbül əfsanəsi Vətən müharibəsi ilə əlaqələndirilib. Kitabdakı illüstrasiyaların müəllifi isə Aida Əmirovadır.

İştirakçılara minnətdarlığını bildirən Aybəniz İsmayılova kitabının ərsəyə gəlməsindən söz açıb: “Xarıbülbül, əslində, biz qarabağlıların simvoludur. Bizi də o torpaqlardan otuz il qopardılar, amma kökümüz, ürəyimiz orda qaldı. Qopmadıq, yenindən qayıtdıq, kökümüzə, torpaqlarımıza sahib çıxdıq”.

Kitabın uşaqlara ünvanlanmasının səbəblərindən danışan müəllif deyib: “Uşaqlarımız bizdən sonra bu torpaqların, bu ölkənin sahibləridir. Bütün ölkəmiz kimi, Qarabağımız da uşaqlarımızın gələcəyidir. Qarabağı onların könlünə daha doğma, beyinlərinə daha yaxın edək, milli kimliyimizin üzərində bərqərar olduğu dəyərlərimizi onlara tanıdaq, onlara yaxınlaşdıraq deyə, biz bədii informasiyadan bol-bol istifadə etməliyik. “Xarıbülbül” kimi mətnlər, əslində, ideoloji nağıllardır, milli kimliyini dərindən anlayan, bu kimliyə bütün qəlbi, varlığı ilə bağlı olan vətəndaşlar yetişdirmək üçün bir vasitədir”.

Sonra müəllim kitabını imzalayaraq oxuculara təqdim edib.