Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin iyunu.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 1995-ci ilin iyunu.....

X X X

3 iyun. Azərbaycan Prezidenti Heydər Əliyev “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimində iştirak etdi.

5 iyun. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın ilk iclasını keçirdi.

8 iyun. Neft Şirkətləri Konsorsiumunun rəhbər komitəsinin üzvlərini qəbul etdi.

9 iyun. Təzəpir məscidində Aşura günü ilə əlaqədar keçirilən mərasimdə çıxış etdi.

10 iyun. Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması ilə bağlı keçirilən müşavirədə nitq söylədi.

15 iyun. “Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat-1995” kitabının təqdimat mərasimində çıxış etdi.

22 iyun. Azərbaycanın Milli qəhrəmanları və şəhid qəhrəmanların valideynləri ilə görüşdü.

23-24 iyun. “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş ümumxalq nümayəndələri toplantısında nitq söylədi.

24 iyun. Özəlləşdirmə proqramına həsr olunmuş müşavirə keçirdi.

26 iyun. Fikrət Qocanın 60 illik yubiley tədbirində iştirak etdi. Tədbirdən sonra bir qrup yazıçı və şairlə görüşdü.

29 iyun. Bolqarıstanda rəsmi səfərdə oldu.

30 iyun. Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatı üzvlərinin dövlət və hökumət başçılarının zirvə toplantısında iştirak etmək üçün Bolqarıstandan Rumıniyaya gəldi.

X X X

Ulu Öndər Azərbaycanın intellektual potensialından xalqın daha çox bəhrələnməsini, yaradıcı insanların öz fəaliyyətlərini davam etdirməsinə şərait yaradılmasını vacib hesab edirdi. Mövcud ağır sosial-iqtisadi böhran dövründə nəşriyyat işində də yaranmış çətinliklər Heydər Əliyevin diqqətindən yayınmırdı. O, 1995-ci il iyunun 3-də M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimində çıxış edərkən bunlarla bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, keçmişdə nəşriyyat işi dövlət tərəfindən maliyyələşdirilirdi və bunun sayəsində Azərbaycanda həmin sahə çox genişlənmişdi. İndi isə zaman dəyişib, dövlətin imkanları məhdudlaşıb. Hazırda kiçik də olsa, özəl bölmə meydana çıxıb və onun bütün imkanlarını nəşriyyat işinin canlandırılmasına, xüsusən kitab nəşrinin genişləndirilməsinə yönəltmək lazımdır.

Sitat: “Buradakı sərgidə Azərbaycanın görkəmli yazıçı və şairlərinin, alimlərinin əsərlərinin miniatür nəşrləri nümayiş etdirilir. Bir daha qeyd edirəm ki, bu, əlamətdar hadisədir. Yazıçı və şairlərimiz, alimlərimiz, mədəniyyət xadimlərimiz böyük potensiala malikdirlər. Onların indiyədək yazdıqları əsərlər Azərbaycan xalqının təhsillənməsində, biliklənməsində, elm və mədəniyyətimizin, mənəviyyatımızın inkişafında öz rolunu oynamışdır. Ancaq xalqımız Azərbaycanın elmi, mədəni potensialından, ümumiyyətlə, intellektual potensialından bundan sonra daha çox bəhrələnməlidir. Ona görə də çalışmalıyıq ki, belə yaradıcı adamlar öz fəaliyyətlərini davam etdirsinlər. Onlara kömək etməliyik, şərait yaratmalıyıq”.

Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin əhəmiyyətini nəzərə alan Ulu Öndər respublikada muzey şəbəkəsinin genişləndirilməsini də diqqətdə saxlayırdı. Onun müstəqil Azərbaycana rəhbərliyi dövründə mədəniyyətimizin bir çox nəhəng simalarının memorial-xatirə, mənzil muzeyləri, həmçinin bölgələrdə tarix-diyarşünaslıq muzeyləri yaradılmışdı. Bu istiqamətdə daha bir təşəbbüs böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin məqbərəsinin və ev-muzeyinin yaradılması oldu. İyunun 10-da bu məsələyə həsr olunmuş müşavirədə çıxış edən Heydər Əliyev şairin məşəqqətli həyatından danışdı, qadağalara baxmayaraq, əsərlərinin yaşadığını, Hüseyn Cavid irsinin təbliğ olunmasının vacibliyini vurğuladı.

Sitat: “Vaxt var idi, Hüseyn Cavidi həbs etdilər və onun bütün əsərlərini qadağan etdilər. Hüseyn Cavid həbs olunandan, hətta dünyasını dəyişəndən sonra onu millətçi, pantürkist, antisovet adamı adlandırırdılar. Amma Hüseyn Cavidin əsərləri yaşadı. Zaman keçdi və biz Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsi, onun irsinin təbliğ olunması üçün bu gün buraya toplaşmışıq. Güman edirəm ki, Azərbaycan üçün də bu ağır günlər keçib gedəcəkdir. Necə ki, repressiya olunmuş adamlar, onların ailələri üçün repressiya illəri nə qədər uzun olsa da keçib getdi, o ailələr, o insanlar tamamilə bəraət qazandılar, hətta tarixi şəxsiyyət kimi tanınırlar və təbliğ olunurlar, hörmət və ehtiramla yad edilirlər.

Heydər Əliyev iyunun 15-də “Hyatt-Recensi-Naxçıvan” otelində Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan “Azərbaycan Respublikasında insan inkişafı haqqında hesabat-1995” kitabının təqdimat mərasimində çıxış etdi. Kitabın əhəmiyyətinə toxunan Ulu Öndər nəşrdə Azərbaycanın qədim tarixinin, zəngin mədəniyyətinin, milli ənənələrinin və nailiyyətlərinin əks olunmasının böyük məmnunluq doğurduğunu vurğulayaraq dedi: “Xalqımızın keçdiyi tarixi yol, əldə etdiyi mədəni, intellektual potensial, inkişaf səviyyəsi böyük mədəni sərvətimizdir. Biz öz tariximizlə fəxr edirik. Biz Azərbaycan xalqının əsrlər boyu dünya sivilizasiyasına verdiyi töhfələrlə fəxr edirik. Bunların hamısı bu günümüz və gələcəyimiz üçün gözəl təməldir”.

Ümummilli Lider, çıxışında, həmçinin Azərbaycanın böyük iqtisadi potensiala malik bir ölkə olduğunu qeyd edərək dedi ki, ölkəmizin zəngin mədəni irsi var. Əgər müharibə, Ermənistanın təcavüzü olmasaydı, Azərbaycan insanının inkişafı üçün lazım olan vəzifələrin əksəriyyətini qısa müddətdə yerinə yetirmək olardı. Heydər Əliyev tövsiyə etdi ki, Azərbaycanda insan inkişafı haqqında hesabatlar, məlumatlar hazırlanarkən bu məsələlər xüsusi yer tutmalıdır. Çünki Azərbaycan Respublikasında insan inkişafına aid problemlərə qiymət verərkən, bu məsələləri dünya standartları ilə müqayisə edərkən və gələcək haqqında mülahizələr söyləyərkən bunlar nəzərə alınmasa, gələcək üçün hazırlanan proqram o qədər də əsaslı ola bilməz.

Heydər Əliyev 1995-ci il iyunun 23-24-də Respublika Sarayında “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş ümumxalq nümayəndələri toplantısında çıxış etdi. Son illərdə Azərbaycanda gedən ictimai-siyasi prosesləri təhlil edən Ulu Öndər xəyanətkar qüvvələrin hələ də mövcud olduğunu bildirdi, xalqla birlikdə respublikanın bu çətin vəziyyətdən çıxmasına nail olunacağına əminliyini ifadə etdi.

X X X

Heydər Əliyevin “15-17 mart hadisələri və Azərbaycanda ictimai-siyasi vəziyyət” mövzusuna həsr olunmuş toplantıdakı nitqindən

• 1993-cü ilin may-iyun aylarında Azərbaycanda dövlət böhranı baş verdi. Bu böhran respublikanı vətəndaş müharibəsinə gətirib çıxardı. Vətəndaş müharibəsi ölkəmiz üçün çox böyük təhlükəli şərait yaratdı. O, nəinki xalqımıza zərərlər, zərbələr vuracaqdı, eyni zamanda, respublikamızın parçalanması, dağıdılması prosesi mövcud idi. Bunların qarşısı alındı. Həyata keçirilən tədbirlər respublikada meydana gəlmiş dövlət böhranını və qarşıdurmanı aradan götürdü, müəyyən sabitlik yarandı. Lakin təəssüf ki, belə faciəli vəziyyətə gəlib çıxmış respublikamızda bu vəziyyəti yaradan qüvvələr öz əməllərindən əl çəkmədilər.

• Artıq iki il müddətində Azərbaycan xalqı, vətəndaşları ağı qaradan seçməyə nail olublar. Vətəndaşlarımızın tam əksəriyyətində müstəqil dövlətimizi və ictimai-siyasi sabitliyi qoruyub saxlamaq əhval-ruhiyyəsi üstünlük təşkil edir. Ancaq bunlarla yanaşı, yenə də respublikamıza xəyanət etmək məqsədilə yaşayan qüvvələr var. Onlar təkcə xaricdə deyil, respublikanın daxilində də mövcuddur.

• Hesab edirəm ki, görülən bütün bu tədbirlər iqtisadiyyatda vəziyyətimizi dəyişdirəcək və iqtisadiyyatın günü-gündən inkişafına nail ola biləcəyik. Bunların hamısı məndə böyük ümid, nikbinlik yaradır. Ona görə də narahat olmayın, darıxmayın və mənim verdiyim bu məlumatlardan da heç kəs qorxub çəkinməsin. Siz də varsınız, mən də varam, hamımız birlikdə Azərbaycanı bu vəziyyətdən çıxaracağıq. Bu işlərimizin bəhrəsini biz də görəcəyik, bizdən sonra gələn nəsillər də.