Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin sentyabrı.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 1994-cü ilin sentyabrı.....

X X X

3 sentyabr. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ABŞ Prezidentinin şəxsi nümayəndəsi Madlen Olbraytla görüşdü.

4-7 sentyabr. BMT-nin “Dünya əhalisi və inkişaf” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Misirdə səfərdə oldu.

8-9 sentyabr. Moskvada MDB ölkələrinin dövlət və hökumət başçılarının görüşündə iştirak etdi.

10 sentyabr. Türkiyənin xarici işlər nazirini qəbul etdi.

11 sentyabr. Qərb şirkətləri ilə Xəzər dənizində neft yataqlarının birgə işlənməsinə dair danışıqların gedişinə həsr olunmuş müşavirə keçirdi.

14 sentyabr. Respublikanın ali məktəblərinə qəbul olmuş I kurs tələbələri ilə görüşdü.

15 sentyabr. Görkəmli neftçi Qurban Abbasovla vida mərasimində iştirak etdi.

16 sentyabr. Neft müqaviləsinin imzalanması ərəfəsində brifinq keçirdi.

18 sentyabr. Maestro Niyazinin ev-muzeyinin açılış mərasimində çıxış etdi.

19 sentyabr. Beynəlxalq İslam İnkişaf Bankının prezidentini qəbul etdi.

20 sentyabr. Xəzər dənizinin şelfində neft yataqlarının birgə işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə bir qrup xarici şirkət arasında “Əsrin müqaviləsi” imzalandı.

22 sentyabr. Kənd təsərrüfatı işlərinin gedişinə həsr olunmuş müşavirə keçirdi.

23 sentyabr. Britaniya telekanallarına müsahibə verdi.

25-30 sentyabr. ABŞ-da səfərdə oldu, BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etdi.

X X X

Dövlət müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan 1994-cü ildə bir tərəfdən Ermənistanla müharibə şəraitində idi, digər tərəfdən isə ölkə iqtisadiyyatı dərin böhran keçirirdi, dövlət xəzinəsi boşalmışdı. Yeganə çıxış yolu ölkəyə xarici sərmayənin cəlb olunması idi. Belə bir vəziyyətdə xarici neft şirkətlərini inandırmaq, onları Azərbaycana cəlb etmək böyük müdriklik, bacarıq və siyasi təcrübə tələb edirdi. Ulu öndər Heydər Əliyevin şəxsi nüfuzu, ona olan inam nəhəng neft şirkətlərinin tərəddüdlərinə son qoydu. O zaman üçün çox riskli bir yer hesab olunan Azərbaycana böyük sərmayə cəlb edən “Əsrin müqaviləsi”nin imzalanması, doğrudan da tarixi nailiyyətdir. Məhz bu müqavilənin imzalanması ilə ölkəmizin gələcək inkişafının əsası qoyuldu.

1994-cü il sentyabrın 14-də “Xəzərin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənilməsi haqqında xarici neft şirkətləri konsorsiumu ilə danışıqların yekunları barəsində” Fərman imzalandı. Müqavilənin imzalanması ərəfəsində Heydər Əliyev brifinq keçirərək Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarından istifadə barədə fikirlərini bölüşdü: “Biz indi də, gələcəkdə də Azərbaycanın təbii sərvətlərindən, xüsusən, ən böyük təbii sərvətimiz olan neft yataqlarından çox ehtiyatlı, səriştəli istifadə olunmasına çalışmalıyıq. Çalışmalıyıq ki, bu sərvətlərdən Azərbaycan xalqının bu günü və gələcəyi üçün maksimum mənfəət götürək”.

Sentyabrın 20-də “Gülüstan” sarayında dünyanın 7 ölkəsinin məşhur neft şirkətləri (BP, “Statoil”, “Amoco”, “Itochu”, “ExxonMobil”, “LUKoil” və başqaları) ilə “Əsrin müqaviləsi” imzalandı.

Bu saziş ölkəmizin dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Azərbaycan artıq bütün dünyada neft ölkəsi olaraq tanınmağa başladı. Müqavilə digər sahələrdə çalışan şirkətlərin də ölkəmizə marağını artırdı.

Ulu Öndərin xarici siyasət kursunda Azərbaycanın ikitərəfli əlaqələrlə yanaşı, beynəlxalq təşkilatlarda təmsil olunması da mühüm yer tuturdu. 1994-cü ilin sentyabrında ABŞ-a səfər edən Heydər Əliyev Prezident Bill Klintonla, BMT-nin Baş katibi Butros Butros-Qali ilə görüşdü. BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edən dahi rəhbər bu mötəbər kürsüdən Azərbaycan həqiqətlərini, xüsusən Ermənistanın torpaqlarımızı işğal etməsi faktını bir daha dünya ictimaiyyətinə çatdırdı.

Heydər Əliyev səfər çərçivəsində, həmçinin bir çox ölkələrin xarici işlər nazirlərini qəbul etdi. Nyu-Yorkda Türkiyə və Azərbaycan icmasının nümayəndələri, habelə yəhudi təşkilatlarının rəhbərləri ilə görüşlər keçirdi, CNN telekanalına müsahibə verdi.

Beləliklə, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrünün ilk illərindən başlayaraq atdığı addımlar, həyata keçirdiyi tədbirlər müstəqilliyimizin möhkəmlənməsini təmin edir, ölkəmizin beynəlxalq məkanda layiqli yer tutmasına imkan yaradırdı.

X X X

Heydər Əliyevin “Əsrin müqaviləsi”nin

imzalanması mərasimindəki çıxışından

• Azərbaycan Respublikası müstəqil dövlətdir. Azərbaycan xalqı öz təbii sərvətlərinin sahibidir. Bu sərvətlərdən necə istifadə edilməsini xalqımızın özü sərbəst surətdə müəyyənləşdirir. Neft yataqlarımızın müştərək işlənməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti ilə xarici ölkələrin aparıcı neft şirkətləri arasında danışıqlar üç il ərzində məhz bu prinsiplər əsasında aparılmışdır.

• Açıq demək istəyirəm, müqavilədə Azərbaycan tərəfinin istək və arzularının heç də hamısı öz əksini tapmamışdır. Lakin biz başa düşürük ki, hər hansı bir müqavilə hər iki tərəfin mənafelərini təmin etməlidir. Qərb neft şirkətlərinin konsorsiumu öz mənafelərini təmin etməyə çalışmış, Azərbaycan Dövlət Neft Şirkəti isə Azərbaycan Respublikasının milli mənafelərini təmin etməyə səy göstərmişdir.

• Görülən böyük və gərgin işin nəticəsində, tərəflərin məsələyə yüksək məsuliyyətlə yanaşması nəticəsində, nəhayət, hər iki tərəfin mənafelərinə cavab verən layihə hazırlanmışdır. Ona görə də mən bu gün imzalanacaq müqaviləni Azərbaycan Respublikasının indisi və gələcəyi üçün iqtisadi baxımdan mənfəətli hesab edirəm və onun imzalanmasına qərar vermişəm.

• Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir.