Xalqa bağışlanmış ömürdən anlar: 1980-ci il

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 1980-ci il

4 fevral. Heydər Əliyev Azərbaycan KP MK-nın plenumda məruzə ilə çıxış edib.

29 fevral. Bakıda İmadəddin Nəsiminin heykəlinin açılış mərasimində nitq söyləyib.

25 mart. Xalq yazıçısı Süleyman Rəhimovun 80 illik yubiley mərasimində iştirak edib.

15 may. Azərbaycan mədəniyyət xadimlərinə mükafatlar təqdim edib.

21-24 may. Naxçıvan MSSR-ə səfəri çərçivəsində partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.

28 may. Ali təhsil müəssisələrinin işçilərinin respublika müşavirəsində çıxış edib.

9 iyun. Respublika kənd təsərrüfatı işçilərinin zona müşavirəsində çıxış edib.

7 iyul. Respublika üzümçülərinin zona müşavirələrini keçirib.

20 avqust. Respublika partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.

25 avqust. SSRİ-nin ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrin təntənəli yolasalma mərasimində iştirak edib.

5 sentyabr. Bərdə rayonunun pambıqçılıq təsərrüfatları ilə tanış olub.

15 sentyabr. Üzümçülük rayonlarının partiya-təsərrüfat fəallarının yığıncağında çıxış edib.

4 oktyabr. Pambıqçılıq rayonlarının partiya-təsərrüfat fəallarının iclasında çıxış edib.

27 oktyabr. Yazıçıların Ümumittifaq Yaradıcılıq Konfransında məruzə ilə çıxış edib.

14 noyabr. Bakı maşınqayıranları və elektrotexniklərinin mitinqində nitq söyləyib.

4 dekabr. Mədəniyyət xadimlərinə mükafatlar təqdim edib.

26 dekabr. Elm, ədəbiyyat, incəsənət xadimlərinin və istehsalat qabaqcıllarının Dövlət mükafatları ilə təltif edilməsi mərasimində nitq söyləyib.

X X X

1970-1980-ci illərdə Azərbaycan klassiklərinin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirilirdi. Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilmiş və beynəlxalq miqyasda qeyd olunmuşdu. 1980-ci ildə isə Bakıda dahi şairin heykəli ucaldıldı. Heykəlin açılışında respublikanın rəhbəri şəxsən iştirak etdi.

Xalqın milli özünüdərk, milli oyanış prosesində ədəbiyyatın rolunu yüksək qiymətləndirən Heydər Əliyev dövrün yazıçı və şairlərinə xüsusi qayğı ilə yanaşır, onların yaradıcılığını yüksək qiymətləndirirdi. Respublika rəhbərinin 1980-ci il martın 25-də Xalq yazıçısı Süleyman Rəhimovun 80 illik yubileyində şəxsən iştirak etməsi buna bariz nümunədir. Heydər Əliyevin 1980-ci ilin may və dekabr aylarında Azərbaycan mədəniyyət xadimlərinə mükafatların təqdimetmə mərasimində iştirakı onlara stimul verir, yeni yaradıcılıq axtarışlarına sövq edirdi. Həmin dövrdə Bakı Yazıçıların Ümumittifaq Yaradıcılıq Konfransına ev sahibliyi də etmişdi.

Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə Naxçıvan Muxtar Respublikasının inkişafı məqsədilə bir sıra mühüm qərarlar qəbul etmişdi. 1980-ci ilin mayında Naxçıvana səfəri çərçivəsində zəhmətkeşlərlə görüşmüş, muxtar respublikanın partiya-təsərrüfat fəallarının yığıncağında çıxış etmiş, kompleks tədbirlərin həyata keçirilməsi üçün növbəti tapşırıqlarını vermişdi. 1970-1982-ci illərdə muxtar respublikanın sənaye potensialı təxminən üç dəfə yüksəldi. Həmin illərdə Araz çayı üzərində iri su anbarı və elektrik stansiyası, habelə 16 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi.

Dahi rəhbərin təhsil siyasətində ali məktəblərin fəaliyyətinin daha da yaxşılaşdırılması xüsusi yer tuturdu. Heydər Əliyev 1980-ci il mayın 28-də ali təhsil müəssisələrinin işçilərinin respublika müşavirəsində nitq söylədi, mövcud problemlərin həlli və ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tapşırıqlarını verdi. 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

Eyni zamanda, 1970-ci ildən başlayaraq azərbaycanlı gənclər Sovet İttifaqının nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilirdi. 1980-ci il avqustun 25-də SSRİ-nin ali təhsil məktəblərinə qəbul olunmuş tələbələrin yolasalma mərasimində Heydər Əliyev şəxsən iştirak etdi. Ümumilikdə, 1970-1980-ci illərdə Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu.

Dahi rəhbərin həyata keçirdiyi tədbirlər nəticəsində respublikada aqrar sahə inkişaf edir, bu baxımdan pambıqçılıq və üzümçülük sahələrinə xüsusi diqqət göstərilirdi. Heydər Əliyevin pambıqçılıq rayonlarına səfərləri, zəhmətkeşlərlə görüşləri ənənə halını almışdı. 1980-ci il sentyabrın 5-də Bərdəyə gedərək rayonun pambıq təsərrüfatları ilə tanış olan respublika rəhbəri görülən işləri yüksək qiymətləndirməklə yanaşı, diqqəti bu sahənin perspektivlərinə yönəltmiş, eyni zamanda, mövcud problemlərin aradan qaldırılması üçün göstərişlər vermişdi.

Respublikanın kənd təsərrüfatında mühüm yer tutan üzümçülük 1970-1980-ci illərdə yüksək templə inkişaf etməyə başladı. Həmin illərdə 180 min hektar sahədə yeni üzümlüklər salındı. Üzümlüklərin ümumi sahəsi 270 min hektara çatdırıldı. Üzüm istehsalının həcmi iki dəfədən çox artaraq 1971-ci ildəki 432 min tondan 1980-ci ildə 945 min tona çatdı. 1980-ci il iyulun 7-də respublika üzümçülərinin zona müşavirələrini keçirən Heydər Əliyev qarşıya növbəti vəzifələr qoydu.

Heydər Əliyev Azərbaycanın mədəniyyət xadimləri haqqında

• Rəşid Behbudov Azərbaycan mədəniyyətinin ən görkəmli, ən parlaq nümayəndələrindən biridir. Özünəməxsus, təkrarolunmaz, çox gözəl, məlahətli səsi, yüksək ifaçılıq istedadı, böyük sənətkarlığı ilə Rəşid Behbudov xalqımızın arasında, ölkəmizin hər yerində, bütün dünyada şöhrət qazanmışdır.

• Rəşid Behbudovun yaradıcılığının xüsusiyyəti bundan ibarətdir ki, o, Azərbaycan xalq mahnılarını, milli musiqi folklorunun ən yaxşı nümunələrini professional incəsənətin müasir tələblərinə uyğun surətdə ifa edərək xalqımızın çoxəsrlik tarixi olan zəngin mahnı irsini dünyanın hər yerində tanıtmışdır.

• Zeynəb Xanlarova Azərbaycan musiqi mədəniyyətinin görkəmli xadimidir. Ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarında, M.Maqomayevin “Şah Ismayıl”, Z.Hacıbəyovun “Aşıq Qərib” operalarında baş qadın rollarında çox gözəl çıxış etməsi ilə yanaşı Zeynəb Xanlarova xalqımızın ən qədim və ən sevimli musiqi janrı olan muğamat sahəsində, xalq mahnılarının ifasında da böyük nailiyyətlər əldə etmişdir. Azərbaycanın müasir bəstəkarlarının yeni əsərlərinin yayılmasında onun böyük xidmətləri vardır.

• Zeynəb Xanlarovanın yaradıcılıq xüsusiyyətlərindən biri də bundan ibarətdir ki, o, öz sənətinə çox sadiqdir. O, öz sənətini sevir, öz yaradıcılığını daim təkmilləşdirir. Məhz buna görə Zeynəb Xanlarova bizim respublikada ən sevimli müğənnilərdən biridir.

Heydər Əliyev Azərbaycan yazıçıları haqqında

• Süleyman Rəhimov Azərbaycan ədəbiyyatında roman janrının inkişafında böyük xidmət göstərmişdir. Respublikanın ədəbi ictimaiyyəti onu Azərbaycan yazıçılarının ağsaqqalı adlandırır. Mənə belə gəlir ki, bu şərəfli ad ona təkcə yaşına və ağ saçlarına görə deyil, ən əvvəl, yarım əsrlikdən çox bir müddət ərzində Azərbaycan ədəbiyyatında fəaliyyət göstərdiyinə görə verilir.

• İmran Qasımov görkəmli nasir, dramaturq, publisist və eyni zamanda fəal ictimai xadimdir. Onun ədəbi yaradıcılığı parlaq, orijinal istedadı ilə, qaldırılan problemlərin dərinliyi, yüksək sənətkarlığı ilə fərqlənir.

• İlyas Əfəndiyevin əsərləri yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəmanlıq əməyi, həm müasir həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks etdirilmişdir.

• Nəbi Xəzri öz şerlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şerlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır... Onun əsərləri dillərdə əzbər olub, bir çox şerlərinə musiqi bəstələnib, incəsənətimizi bəzəyən mahnılar yaradılıb.

Heydər Əliyevin Yazıçıların Ümumittifaq Yaradıcılıq Konfransında məruzəsindən

• Bütün dövrlərdə və hər bir cəmiyyətdə qabaqcıl bədii ədəbiyyat yüksək vətəndaşlıq pafosu ilə aşılanmışdır. Yazıçılar öz dövrünün sosial və mənəvi həyatına heç vaxt biganə qalmamışlar.

• Demək olar ki, bədii ədəbiyyat xalqların mənəvi ünsiyyətinin, onların bir-birini başa düşməsinin, sərvət və nailiyyətlər mübadiləsinin ən geniş, səmərəli, dərin nüfuz edən vasitəsidir.

• Azərbaycan poeziyası, bədii ədəbiyyatı uzaq keçmişə dərin köklərlə bağlıdır. Onun tarixi xalqın bədii şüurunun yaranması və inkişafı tarixidir.

• Xalqın həyatının bədii salnaməsi olan, öz dövrünün mütərəqqi və humanist ideallarından qidalanan Azərbaycan klassikası həmişə nəcib və pak mənəvi ideallar, ideya-fəlsəfi axtarışlar ədəbiyyatı olmuşdur.