Xalqa bağışlanmış ömürdən anlar: 1978-ci il.....

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla AZƏRTAC  təqdim edir.

<Xalqa bağışlanmış ömürdən anlar: 1978-ci il.....

4 fevral. Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Qara Qarayevin anadan olmasının 60 illik yubiley tədbirində iştirak edib.

12 fevral. Respublika partiya-təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.

15 fevral. Moskvada Qara Qarayevin 60 illik yubileyinə həsr olunmuş mərasimdə iştirak edib.

9 aprel. Sumqayıt toxuculuq fabrikində olub.

20 aprel. Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 7-ci növbədənkənar sessiyasında “Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə edib.

30 aprel. Coakkino Rossininin “Sevilya bərbəri” tamaşasının premyerasına baxdıqdan sonra yaradıcı heyətlə görüşüb.

9 may. Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbdə olub.

18 may. Azərbaycan müəllimlərinin qurultayında nitq söyləyib.

3 iyun. Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsində nitq söyləyib.

19 iyul. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

22 iyul. Ali ümumqoşun hərbi məktəbində təntənəli yığıncaqda çıxış edib.

25-26 avqust. Bərdə və Sabirabad rayonlarının təsərrüfat fəallarının yığıncağında çıxış edib.

29 avqust. Respublika pambıqçılarının zona müşavirələrində çıxış edib.

30 avqust. Sovet İttifaqının ali təhsil ocaqlarında oxumağa gedən tələbələrlə keçirilən görüşdə nitq söyləyib.

11 sentyabr. Respublika üzümçülərinin müşavirəsini keçirib.

20-21 sentyabr. Bakıya gəlmiş Sov. İKP MK-nın Baş katibi L.İ.Brejnevi qarşılayıb. Onunla birgə Bakı məişət kondisionerləri zavodunda və Yeni-Bakı neftayırma zavodunda olub.

17 oktyabr. Naxçıvan Muxtar Respublikası təsərrüfat fəallarının yığıncağında çıxış edib.

20 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

28 oktyabr. Respublika təsərrüfat fəallarının yığıncağında nitq söyləyib.

3 noyabr. Bir qrup şəxsə Azərbaycan SSR Dövlət mükafatlarını təqdim edib.

14 dekabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

XXX

Dahi rəhbər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə mədəniyyətin, o cümlədən musiqi sənətinin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırdı. Həmin illərdə görkəmli bəstəkarların ev-muzeyləri açılır, yubileyləri qeyd olunur, musiqi xadimlərinə fəxri adlar, orden və medallar verilirdi. Belə tədbirlərdən biri də 1978-ci ildə SSRİ Xalq artisti bəstəkar Qara Qarayevin 60 illik yubileyi oldu. Tədbirdə çıxış edən Heydər Əliyev görkəmli bəstəkarın yaradıcılığının məziyyətlərindən danışdı.

Sitat: Öz yaradıcılıq fəaliyyətinin qırx ili ərzində böyük qabiliyyətə və parlaq istedada malik olan Qara Qarayev tükənməz əzmkarlığı, fədakarlığı, əməksevərliyi sayəsində böyük və şanlı yol keçmişdir. Onun yaradıcılığı respublikamızın hüdudlarından çox-çox kənara çıxmışdır...

Qara Qarayev özünəməxsus bəstəkarlıq məktəbi, təkcə Azərbaycan musiqi mədəniyyətinin deyil, həm də bütün sovet musiqi mədəniyyətinin inciləri sayılan gözəl əsərlər yaratmışdır. Onun yaradıcılığı fəlsəfi dərinliyi, bədii gözəlliyi, xüsusi koloriti ilə fərqlənir. Musiqi yaradıcılığını elmi tədqiqat işi ilə əlaqələndirən Qara Qarayev musiqişünaslığın nəzəri problemlərinin işlənməsinə böyük xidmət göstərmişdir.

1978-ci il respublikamızın həyatında yeni Konstitusiyanın qəbul edilməsi ilə əlamətdar oldu. Aprelin 2-də Konstitusiya layihəsi ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxış edən Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasını təklif etdi. Bu təklif yekdilliklə bəyənildi və layihəyə əlavə olundu. Keçmiş Sovet İttifaqında milli respublikaların dövlət dili məsələsini bu cür qəti şəkildə qoymaq və buna nail olmaq heç də asan deyildi. Heydər Əliyevin ana dilinə sonsuz sevgi və qayğısının təzahürü olan bu cəsarətli addımı xalqımız tərəfindən rəğbətlə qarşılandı.

Heydər Əliyev aprelin 20-də Azərbaycan SSR Ali Sovetinin 9-cu çağırış 7-ci növbədənkənar sessiyasında “Azərbaycan SSR Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunları haqqında” məruzə etdi. Aprelin 21-də Azərbaycan SSR-in sonuncu Konstitusiyası qəbul olundu.

Ulu Öndər hələ 70-ci illərdə sanki Azərbaycanın gələcəyini görür, milli hərbçi kadrlar hazırlanmasının qayğısına qalırdı. Onun təşəbbüsünün və uzaqgörənliyinin nəticəsi olaraq 1971-ci ildə yaradılmış Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəb öz profilini ildən-ilə genişləndirir və təkmilləşirdi. 1978-ci il mayın 9-da bu məktəbə baş çəkən Heydər Əliyev təlim-tədris şəraiti ilə tanış oldu, məktəbin maddi-texniki bazasını daha da möhkəmləndirmək barədə tapşırıqlar verdi. Ümumiyyətlə, 1976, 1978, 1981-ci illərdə bu təhsil müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün mühüm qərarlar qəbul edildi.

Heydər Əliyev siyasi kursunun prioritetlərindən biri də respublikada təhsilin inkişafı, müəllim əməyinin lazımınca qiymətləndirilməsi idi. 1978-ci il mayın 18-də Azərbaycan müəllimlərinin IX qurultayında iştirak edən dahi rəhbər proqram xarakterli nitq söylədi, şagirdlərin təhsilini və əməyə hazırlanması işini təkmilləşdirməyi, cəmiyyətdə müəllimin nüfuzunu daha da yüksəltməyi mühüm vəzifə kimi qarşıya qoydu.

Respublikada aqrar sektorun inkişafını daim diqqətdə saxlayan Heydər Əliyev vaxtaşırı olaraq təsərrüfat fəallarının müşavirələrini keçirir, rayonlara səfərlər edir, əməkçilərlə görüşür, məhsul bolluğuna nail olmaq üçün tapşırıq və tövsiyələr verirdi. 1978-ci ilin avqustunda pambıqçılıq, sentyabr ayında də üzümçülüklə bağlı keçirilən müşavirələr, eləcə də Ucar, Bərdə, Sabirabad, Ağcabədi, Goranboy rayonlarına etdiyi səfərlər bu baxımdan diqqət çəkir. 1976-1980-ci illərin yekunlarına əsasən, Azərbaycanın kənd təsərrüfatı keçmiş sovet respublikaları arasında öncüllər sırasına çıxdı. Beş il ərzində pambıqçılıq sahəsində məhsuldarlıq 29, tərəvəzçilikdə 37, meyvəçilikdə 45, taxılçılıqda 48, üzümçülükdə isə 51 faiz artdı.

1978-ci il avqustun 30-da Sovet İttifaqının ali məktəblərinə göndərilən azərbaycanlı tələbələrlə növbəti dəfə görüşən Heydər Əliyev onların təhsili ilə maraqlandı və tövsiyələrini verdi. Xatırladaq ki, 1970-1980-ci illərdə Sovet İttifaqının nüfuzlu ali məktəblərində 15 mindən çox azərbaycanlı gəncin təhsil alması, yüksəkixtisaslı mütəxəssis kimi hazırlanması təmin olundu.

Ulu öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə elm, təhsil və mədəniyyətin inkişafına xüsusi qayğı ilə yanaşırdı. 1978-ci il noyabrın 3-də elm və texnika sahəsində, ədəbiyyat, incəsənət və memarlıq sahəsində Azərbaycan SSR Dövlət mükafatlarının onun tərəfindən şəxsən təqdim olunması bu baxımdan səciyyəvidir.