Xalqa bağışlanmış ömürdən anlar: 1976-cı il

28-30 yanvar. Heydər Əliyev Azərbaycan Kommunist Partiyasının XXIX qurultayında hesabat məruzəsi ilə çıxış edib, yekun nitqi və bağlanış mərasimində nitq söyləyib.

<Xalqa bağışlanmış ömürdən anlar: 1976-cı il

AZƏRTAC müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar xalqımızın Ulu Öndərinin parlaq, zəngin və şərəfli həyat yolunun əsas məqamlarını, bənzərsiz siyasi və dövlətçilik fəaliyyətini - xalqa bağışlanmış ömrünün anlarını xronoloji ardıcıllıqla təqdim edir.

5 mart. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd seçilib.

26 may. Azərbaycan Yazıçılarının VI Qurultayında nitq söyləyib.

23 iyun. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

16 iyul. “Bakinski raboçi” qəzetinin 70 illiyinə həsr olunmuş təntənəli yığıncaqda nitq söyləyib.

20-21 iyul. Beyləqan və Kürdəmir rayonlarına səfər edib.

1 sentyabr. Respublika pambıqçılarının zona müşavirəsində çıxış edib.

7 sentyabr. Monrealda Olimpiya oyunlarında iştirak edən respublikanın idmançı qadınları ilə görüşüb.

6 oktyabr. Şamaxı üzümçüləri ilə görüşdə nitq söyləyib.

18 oktyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

3 noyabr. Bəxtiyar Vahabzadəyə Respublika Dövlət mükafatı laureatı diplomunu və medalını təqdim edib.

18 noyabr. Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə keçirilən yubiley gecəsində çıxış edib.

24 noyabr. Azərbaycan KP MK-nın plenumunda məruzə edib.

6 dekabr. “Neftçi” klubunun futbolçularını qəbul edib.

24 dekabr. Azərbaycan kinosunun 60 illiyinə həsr olunmuş tədbirdə nitq söyləyib.

28 dekabr. Yuxarı Xanbulançay su anbarının açılışında iştirak edib.

29 dekabr. Sərsəng su anbarının açılış mərasimində nitq söyləyib.

31 dekabr. Bakı metropolitenin “Nizami” stansiyasının açılışını edib.

X X X

Ulu öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçiləndən sonra respublika iqtisadiyyatında ciddi keyfiyyət dəyişiklikləri baş verdi, Azərbaycan xammal istehsalçısından qabaqcıl, müasir texnika ilə təchiz olunmuş sənaye bazasına çevrildi. Azərbaycan Kommunist Partiyasının XXIX qurultayında çıxış edən respublika rəhbəri bu barədə danışarkən demişdi: “Biz nəinki uzun illərlə geridə qalmağa son qoyduq, eyni zamanda xalq təsərrüfatının inkişafında elə bir yüksək sürətə nail olduq ki, respublikanın tarixində hələ belə şey görünməmişdi”.

Respublikada ədəbiyyatın inkişafına xüsusi diqqət yetirən Heydər Əliyev Azərbaycan yazıçılarının bütün ali məclislərində iştirak edirdi. Belə tədbirlərdən biri də yazıçıların 1976-cı ilin mayında keçirilmiş VI qurultayı oldu. Qurultayda geniş nitq söyləyən Heydər Əliyev xalqımızın tarixi, soykökü ilə bağlı olan yazılı abidələrin dərindən öyrənilməsini tövsiyə etdi, azərbaycanlıların dünya ədəbiyyatı ilə yaxından tanış olmaları üçün tərcümə işini gücləndirməyin vacibliyini bildirdi. Onun noyabrın 3-də Bəxtiyar Vahabzadəyə Respublika Dövlət mükafatı laureatı diplomunu və medalını təqdim etməsi, noyabrın 18-də Səməd Vurğunun anadan olmasının 70 illiyi münasibətilə keçirilən yubiley tədbirində iştirakı bu sahəyə həssas münasibətinin daha bir göstəricisidir.

Mədəniyyətin mühüm bir sahəsi olan kino sənayesi də respublika rəhbərinin diqqət mərkəzində idi. Azərbaycan kinosunun yaranmasının 60 illiyinə həsr olunmuş tədbirdə Heydər Əliyev proqram xarakterli nitq söylədi, kinomuzun əsas inkişaf istiqamətlərini müəyyənləşdirdi. Həmin dövrdə kino işçilərinə fəxri adlar verilir, “Azərbaycanfilm”in texniki bazasını möhkəmləndirmək məqsədilə vəsait ayrılır, kinostudiya üçün yeni avadanlıqlar alınırdı.

Xalqımızın ümummilli lideri Heydər Əliyev respublikaya rəhbərliyinin birinci dövründə regionlara mütəmadi səfərlər edir, kənd təsərrüfatının inkişafı, əhalinin rifahının yüksəldilməsi üçün mühüm qərarlar qəbul edirdi. Bu baxımdan 1976-cı il respublika rəhbərinin Beyləqana, Kürdəmirə və digər rayonlara səfərləri ilə səciyyəvidir. Həmin səfərlər zamanı bir sıra vacib təsərrüfat və infrastruktur obyektləri açılır, yenilərinin təməli qoyulurdu. Eyni zamanda, məhsul istehsalının artırılması üçün güclü stimul yaranırdı. Bütün bunlar xüsusən pambıqçılıq və üzümçülüyün yüksəlişində real təcəssümünü tapırdı. Bu dövrdə kənd təsərrüfatının artım sürəti orta ittifaq səviyyəsini xeyli qabaqladı, istehsal 2,5 dəfə çoxaldı.

Su təsərrüfatı və meliorasiyanın məhsul istehsalında xüsusi əhəmiyyətini nəzərən alan Heydər Əliyev bu sahədə də dönüş yaratmaq üçün tapşırıqlar verirdi. 1976-cı il dekabrın 28-də Yuxarı Xanbulançay su anbarının tikintisi başa çatdırıldı. Bir gün sonra isə Tərtərçay enerji su təsərrüfat kompleksinin Sərsəng su anbarı istifadəyə verildi. Hər iki mühüm obyektin açılışında şəxsən iştirak edən Heydər Əliyev öz çıxışlarında bu sahə üzrə gələcək hədəfləri müəyyənləşdirdi.

Heydər Əliyevin təşəbbüsü ilə respublikada idmanın inkişafı məsələsi hələ 70-ci illərin əvvəllərində Azərbaycan KP MK plenumunun müzakirəsinə çıxarılmış, geniş tədbirlər planı hazırlanmışdı. Bu planların reallaşdırılması nəticəsində 1975-ci ildə bədən tərbiyəsi kollektivlərinin sayı 6 mini ötmüş, bədən tərbiyəçilərinin sayı 930 minə yaxınlaşmış, 224 mindən çox dərəcəli idmançı hazırlanmışdı. Onlardan 164-ü SSRİ idman ustası, 400-ü idman ustalığına namizəd, 2,7 min nəfəri birinci dərəcəli idmançı idi. Respublikada, həmçinin bir çox idman kompleksləri və qurğuları yaradılmışdı. O zaman respublika idmançıları beynəlxalq tədbirlərə SSRİ yığmasının tərkibində qatılırdılar. Heydər Əliyev 1976-cı ildə Monreal Olimpiadasından medallarla qayıtmış idmançıları - həndbolçular Lyudmila Şubina və Rəfiqə Şabanovanı voleybolçu İnna Rıskalı qəbul etdi və onların nailiyyətlərini yüksək qiymətləndirdi.

“Neftçi” komandasının futbolçularını da qəbul etməsi Ulu Öndərin idmana və idmançılara qayğısının daha bir təzahürü olaraq diqqət çəkir.

1976-cı il dekabrın 31-də Bakı metropoliteninin öz memarlıq üslubu ilə fərqlənən “Nizami” stansiyası istifadəyə verildi. Açılış mərasimində iştirak edən Ulu Öndər mütəxəssislərlə söhbətində metro stansiyalarının tikintisində memarlığa xüsusi diqqət yetirilməsinin, milli mədəniyyətimizin atributlarından istifadə edilməsinin vacibliyini vurğuladı.

Bakı metrosunun gələcək inkişafının təməlləri məhz 1970-ci illərdə qoyuldu.

Heydər Əliyevin Azərbaycan Yazıçılarının VI Qurultayındakı nitqindən

• Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi “Kitabi-Dədə Qorqud” kimi ədəbi abidələrlə, Nizaminin nəhəng yaradıcılığı ilə, Xaqaninin və Nəsiminin, Füzulinin və Vaqifin dahiyanə əsərləri ilə, aşıq poeziyasının həmişə canlı nümunələri ilə zəngindir.

• Belə bir cəhət bizi xüsusilə sevindirir ki, son illərdə ədəbiyyat üfüqlərində bir sıra bacarıqlı, istedadlı gənclərin adlarına rast gəlirik.

• Ədəbiyyatın yaradıcıları gərək bizim müasir dövrümüzün əsas mövzularını daha dərindən, ideya və bədii cəhətdən daha yüksək səviyyədə həll etsinlər, bədii sözün təsir gücünü daha da artırsınlar.

• Bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir. Təəssüflə qeyd etməli oluruq ki, ədəbiyyatçılarımız böyük və məsuliyyətli mənəvi tərbiyə işində hələ fəal iştirak etmirlər.

• Bədii əsərin və ya ədəbi hadisənin yalnız səriştəli, prinsipial, obyektiv və xeyirxah təhlili müəllifə və oxucuya fayda verə bilər. Tənqidin məqsədi yazıçıya, onun sənətkarlığının artmasına kömək etməkdir. Tənqid ədəbiyyatın mənafeyinə, deməli, ad-sanından və keçmiş xidmətlərindən asılı olmayaraq, yazıçıların özlərinin mənafeyinə xidmət etməlidir.

• Ədalət naminə onu da demək lazımdır ki, ayrı-ayrı yazıçılar tənqidə dözmürlər. Bəziləri özlərini tamamilə qüsursuz hesab edərək hər bir tənqidi çıxışı böyük narazılıqla qarşılayırlar.

• Tənqidçilər özləri isə qarşılarında duran çox mühüm və şərəfli vəzifəni dərk etməli, biliklərini, bacarıqlarını, qəlblərinin hərarətini Azərbaycan ədəbiyyatının inkişafına həsr etməlidirlər.

• Bədii tərcümənin səviyyəsinin yüksəlməsinə nail olmaq lazımdır, çalışmaq lazımdır ki, tərcümədə orijinalın dili obrazları bütün əlvanlığı ilə parlasın, onun təkraredilməz koloriti qorunub saxlansın və beləliklə, Azərbaycan oxucuları ədəbi yaradıcılığın qiymətli inciləri ilə yaxından, yaxşı tanış olsunlar.