Uşaqların sevimlisi “Ələkbər əmi” adlı videoçarx hazırlanıb.....

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin İnformasiya-resurs şöbəsinin müdiri A.Quliyeva Əməkdar artist Ələkbər Hüseynovun doğum günü ilə əlaqədar uşaqların sevimlisi “Ələkbər əmi” adlı videoçarx hazırlayıb.

<Uşaqların sevimlisi “Ələkbər əmi” adlı videoçarx hazırlanıb.....

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda Ə.Hüseynovun ömür yolundan və yaratdığı obrazlardan geniş söhbət açılır.

Qeyd edək ki, Ələkbər Hüseynov 1961-ci il iyulun 5-də Bakıda anadan olub. 1978-1982-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Bir müddət təyinatla Şəki Dövlət Dram Teatrında işlədikdən sonra, 1988-ci ildə A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor vəzifəsində çalışmağa başlayıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. “Keçəlin toyu” tamaşasındakı “Keçəl” rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.

Sənətdə qazandığı nailiyyətlərə görə “Humay” və “Qızıl Dərviş” mükafatlarına layiq görülüb. Beynəlxalq festivallarda iştirak edib. Polşanın “Təbəssüm Ordeni” mükafatını (2007-ci il) alıb. 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar artisti” fəxri adına layiq görülüb. 2006-cı ildə Dövlət Kukla Teatrının baş rejissoru vəzifəsinə təyin olunub.

Ələkbər Hüseynov 2007-ci il avqustun 2-də uzunsürən xəstəlikdən sonra vəfat edib.