Ümumdünya Meteorologiya Təşkilatı su böhranının yaxınlaşacağı ilə bağlı xəbərdarlıq edir.....

Bəşəriyyət genişmiqyaslı su böhranının yaxınlaşdığını anlamalıdır. AZƏRTAC xəbər verir ki, bu xəbərdarlığı Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məruzəsində deyilir.

<Ümumdünya Meteorologiya Təşkilatı su böhranının yaxınlaşacağı ilə bağlı xəbərdarlıq edir.....

Sənədin müəllifləri dünya okeanının vəziyyəti ilə bağlı yeni təhlükələrə cavab olaraq su ehtiyatlarının idarə olunmasının yaxşılaşdırılması, monitorinq və erkən xəbərdarlıq mexanizmlərinin təkmilləşdirilməsi üzrə konkret tövsiyələr verirlər.

“2021-ci ildə iqlim xidməti vəziyyəti: su resursları” məruzəsində yaxın gələcəkdə su çatışmazlığından əziyyət çəkən insanların sayının kəskin artacağı proqnozlaşdırılır. Eyni zamanda, sənəddə deyilir ki, beynəlxalq birlik tərəfindən idarəetmə, monitorinq, proqnozlaşdırma və erkən xəbərdarlıq sahəsində göstərilən səylər qeyri-qənaətbəxşdir və fraqmentar xarakter daşıyır.

Məruzədə göstərilən məlumatlara əsasən, 2018-ci ildə 3,6 milyard insanın ən azı bir ay ərzində suya kifayət qədər çıxışı olmayıb. Bu rəqəmin 2050-ci ilə qədər təxminən beş milyarda çatacağı gözlənilir.

Son 20 il ərzində qlobal su ehtiyatları, yəni torpaq səthində və yerin altında suyun həcmi, torpaq nəmliyi, qar və buz da daxil olmaqla, ildə bir santimetr sürəti ilə azalıb. Ən böyük itkilər Antarktida və Qrenlandiyada qeydə alınır, lakin daha aşağı enliklərdə sıx məskunlaşmış bir çox bölgələrdə əhəmiyyətli su itkiləri və su təchizatının pisləşməsi müşahidə olunur. Yerin su ehtiyatlarının yalnız 0,5 faizinin içməli su kimi istifadəyə yararlı olması vəziyyəti daha da ağırlaşdırır.

Son 20 ildə su ilə bağlı fövqəladə hallar dünyada daha tez-tez baş verməyə başlayıb. 2000-ci ildən başlayaraq daşqınlar ilə bağlı təbii fəlakətlərin sayı əvvəlki iki onilliklə müqayisədə 134 faiz artıb. Daşqın ilə bağlı ölümlərin və iqtisadi itkilərin ən çox hissəsi Asiyanın payına düşür, burada məruzə müəlliflərinin fikrincə, çay daşqınları haqqında kompleks xəbərdarlıq sistemləri təcili olaraq gücləndirilməlidir.

Həmin dövr üzrə yer üzündə quraqlığın sayı və davamiyyəti 29 faiz artıb. Quraqlıqla bağlı ölümlərin əksəriyyəti Afrikada qeydə alınırdı.

Eyni zamanda, dünyanın 75 ölkəsi su ehtiyatlarından istifadənin səmərəliliyinin ortalamadan aşağı olduğunu bildirib, 10 dövlət isə bu göstəricinin son dərəcə aşağı səviyyədə olduğunu etiraf edib. Məruzədə deyilir ki, 2030-cu ilə qədər İnkişaf Gündəmində nəzərdə tutulan göstəricilərə nail olmaq üçün hazırkı uyğunlaşma templərini ən azı dörd dəfə sürətləndirmək lazımdır.

Ümumdünya Meteorologiya Təşkilatının ekspertləri su ehtiyatlarının kompleks idarəçiliyinə, quraqlıq və daşqınlar barədə erkən xəbərdarlıq sistemlərinə daha çox sərmayə qoymağı, məlumatların toplanması və işlənməsi üsullarını təkmilləşdirilməyi məsləhət görürlər. Bundan əlavə, onlar bu məsələlərlə məşğul olan müxtəlif xidmətlərin işini əlaqələndirməyi təklif edirlər və ölkələri ÜMT-nin təşkil etdiyi Su və İqlim Koalisiyasına qoşulmağa çağırırlar.