ÜMT: 2011-2020-ci illərdə iqlim dəyişikliyi templəri və fəsadları kəskin şəkildə artıb.....

Müşahidələrin bütün tarixində ən isti onillik sayılan 2011-2020-ci illərdə iqlim dəyişikliyi templəri və fəsadları kəskin şəkildə artıb. Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) yeni hesabatına görə, istixana qazları konsentrasiyasının artmasının davam etməsi quruda və okeanda temperaturun rekord səviyyədə yüksəlməsi, buzlaqların əriməsinin kəskin şəkildə sürətlənməsi və dəniz səviyyəsinin qalxması ilə nəticələnib.

<ÜMT: 2011-2020-ci illərdə iqlim dəyişikliyi templəri və fəsadları kəskin şəkildə artıb.....

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, 2011-2020-ci illər üzrə iqlimin vəziyyəti ilə bağlı hesabat xüsusilə qütb regionlarında və yüksək dağlıq ərazilərdə baş verən dərin iqlim dəyişiklikləri fonunda həyəcan təbili çalmaq üçün əsas verir. Buzlaqlar hər il təxminən 1 metr nazikləşir və bu, uzunmüddətli perspektivdə milyonlarla insanın su təchizatına mənfi təsir göstərəcək misilsiz itkidir. Antarktida kontinental buz qalxanı hesabat dövründə əvvəlki onilliklə müqayisədə təxminən 75 faiz daha çox buz itirib ki, bu da dəniz səviyyəsinin daha da qalxmasını sürətləndirəcək zərərli hadisədir və yaxınlıqdakı sahil regionları və dövlətlərinin mövcudluğunu təhlükə altında qoyacaq.

Hesabatda qeyd olunmuş və ümid işığı görünən fakt ondan ibarətdir ki, 2011-2020-ci illərdə bundan öncəki onilliklə müqayisədə Antarktidada ozon qatındakı dəlik daha az olub. Bu, Monreal Protokolunun uğurlu olmasını göstərən ozondağıdıcı kimyəvi maddələrdən mərhələli şəkildə imtina edilməsi üzrə mükəmməl və razılaşdırılmış beynəlxalq fəaliyyətlər sayəsində mümkün olub.