Tarixi Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün əzəmətini zirvələrə qaldırıb......

“...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir.”

Heydər Əliyev ümummilli lider

<Tarixi Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün əzəmətini zirvələrə qaldırıb......

Son yüz ildə müstəqil və demokratik dövlətçilik yolunda əzmlə mübarizə aparan Azərbaycan xalqının milli təqvimində bir sıra günlər vardır ki, əbədi olaraq yaddaşımıza silinməz izlər buraxıb. 15 İyun-Milli Qurtuluş Günü bu təqvimdə özünəməxsusluğu ilə seçilir və əbədiyyətə qədər xalqımızın qəlbində yaşayacaqdır.

Milli Qurtuluş Günü haqqında bəhs edərkən ilk növbədə “biz nədən qurtulmuşuq”,-sualına cavab verməliyik. O dövrdə Azərbaycan 1917-ci ildən başlayaraq müxtəlif keyfiyyət dəyişiklikləri ilə qan yaddaşımıza yazılan milli dövlətçilik tarixinin ən məsuliyyətli anlarını yaşayırdı.

Ermənistanın Azərbaycana qarşı əsasız iddiaları ilə başlanan gərginlik getdikcə artır və həyatın bütün sahələrini əhatə edirdi. Moskvanın himayədarlığı, Azərbaycan rəhbərliyinin yarıtmazlığı, özünü müxalifət licimində təqdim edən qüvvələrin şəxsi ambisiyaları nəticəsində əsasız erməni iddiaları günbəgün artmaqda davam edirdi. Bir sözlə Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Biz nədən qurtulmuşuq?

Nəticədə 1918-1988-ci illər intervalında qazanılan bütün dövlətçilik sərvəti əriyib itməyə başlamışdı. 1988-ci ildən 1993-cü ilin yayınadək ölkəmiz idarəedilməz hala gəlmiş və bir-birinin ardınca vurulan sarsıdıcı zərbələr ölkəni və xalqı təlatümlər məngənəsinə salmışdı. Dövlət təsisatları iflic vəziyyətinə düşmüşdü. Həmin dövrdə Azərbaycandakı vəziyyəti ümumilikdə aşağıdakı tezislərlə təsvir edə bilərik:

-Ermənistan işğalçılıq siyasətini gerçəkləşdirmək üçün bütün qüvvəsi ilə müharibəyə hazırlaşmış və ilk zərbələrini məhz dinc əhalimizə vurmuşdur;

-Azərbaycan xalqı 20 Yanvar faciəsi və 26 fevral Xocalı soyqırımlarının təsirindən ümidsizliyə yuvarlanmışdı;

-1988-ci ildə Ermənistandan min bir işgəncə və fəlakət içərisində yurd yuvasından qovulan, eləcə də Qarabağ və ətraf bölgələrdən didərgin düşən soydaşlarımızın qaçqın və köçkünlük həyatı milli məşəqqət kabusu yaratmışdı;

-Ölkə iqtisadiyyatı tamamilə pozulmuş, böhran yaranmışdır;

-Korrupsiya və rüşvətxorluq məişət hadisəsi halına gətirilmişdi;

-Dövlət idarəçiliyindəki naşılıq və özbaşınalıq yaxşı heç bir şey vəd etmirdi;

-Fasiləsiz davam edən çörək növbələri, ərzaq qıtlığı, gündəlik davam edən inflyasiya kimi reallıqlar Ermənistanın işğalçılıq siyasəti ilə mübarizəni arxa plana keçirməyə başlamışdı.

Belə bir vəziyyətdə xalqın tələbi, AXC-Müsavat cütlüyü hakimiyyəti rəhbərlərinin yalvarışı ilə Naxçıvandan Bakıya təşrif buyuran ümummilli lider Heydər Əliyev bütün siyasi məsuliyyəti öz üzərinə götürərək Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, xalqı təlatümlərdən və ümidsizlikdən xilas etdi. Zəngin siyasi və dövlətçilik təcrübəsinə sahib olan ulu öndər Heydər Əliyev beynəlxalq nüfuzuna və xalqının sönməz məhəbbətinə inanaraq milli qurtuluş konsepsiyasını elan edib Azərbaycanın nicat yolunu müəyyənləşdirdi. Heydər Əliyev dühasından güc alan xalq-dövlət vəhdəti Azərbaycanın üstünü alan qara buludları dağıtmağa başladı.

Uzaqgörən neft strategiyasının təntənəsi

Ulu Öndərimizin liderliyi, təşəbbüsü, səyləri və siyasi iradəsi ilə 1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda karbohidrogen ehtiyatların birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə “Əsrin müqaviləsi” adını qazanan beynəlxalq saziş imzalandı. Azərbaycan xalqı olaraq bizim üçün ən böyük milli səltənət budur ki, sözügedən neft müqaviləsi qarşıya qoyduğu bütün hədəflərə çatıb və davamlı milli strategiya olaraq özünün doğruldub. Hazırda uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu, TANAP və perspektivdə olan Zəngəzur Beynəlxalq Dəhlizi və s. təkcə Azərbaycan üçün deyil, region dövlətləri başda olmaqla bütün Avrasiya məkanına fayda gətirən və böyük səmərələr vəd edən layihələrdir.

Qeyd etmək lazımdır ki, son illər dünyanın aparıcı fikir və düşüncə mərkəzlərindən birinə çevrilən ölkəmiz cari il iyunun 1-dən 4-dək Bakı Enerji Həftəsi brendi altında üç böyük tədbirə - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpaolunan Enerji Sərgiləri və Bakı Enerji Forumuna uğurla ev sahibliyi etdi. Bu il xüsusi maraqla qarşılanan və yüksək fəallıqla keçirilən sərgilərə və foruma 30 ölkədən ümumilikdə 249 şirkət qatılıb. “Əsrin müqaviləsi” ilə bağlı fikir və düşüncələrimizə əlavə etdiyimiz sonuncu faktlar bir daha təsdiq edir ki, Azərbaycan artıq təkcə Avrasiyanın neft və qaz təchizatçısı deyil, eyni zamanda, beynəlxalq enerji təhlükəsizliyinin idarə olunmasında mühüm gücə malik olan fəal tərəfə çevrilib.

Milli Qurtuluş Gününündən Şuşa Bəyannaməsinə aparan əzəmətli Zəfər yolu

Bəhsimizin məğzi və məntiqi budur ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında bütün vədləri, fikir və düşüncələri bəndbəbənd həyat gerçəkliyinə çevrilib. Ötən 29 ildə dövlətçilik tariximizi şərəfləndirən bütün prosesin möhkəm təməli ümummilli lider Heydər Əliyevin birinci siyasi hakimiyyəti dövründə qazanılanlar, Naxçıvana rəhbərlik etdiyi dövrdə Türkiyə ilə qurulan qardaşlıq münasibətləri əsasında qurulmuşdur. Milli Qurtuluş Günü əsasında bütün bunlar zirvələrə yüksəlmiş və Şuşa Bəyannaməsinə aparan əzəmətli Zəfər yolunu nurlandırmışdır.

2021-ci il iyunun 15-da Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması böyük Qarabağ Zəfərindən sonra böyük bir regiona sülh, sabitlik və inkişaf vəd edən strategiya olaraq həyata vəsiqə qazanmışdır. Şuşa Bəyannaməsinin tarixi Qars müqaviləsinə əsaslanması və məhz Azərbaycanın Milli Qurtuluş Günündə imzalanması dövlətçilik tariximizə əzəmət verən iki mühüm tarixi öz şərəf səltənətinə qovuşdurmuşdur.

Sonda şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyərək ifadə etmək istərdik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı rəşadətli parlaq Qələbə sayəsində Milli Qurtuluş Günündən Şuşa Bəyannaməsinə aparan əzəmətli Zəfər yolu və bu yola bağlı olan bütün varlığımız əbədiyyətə qədər türk dünyasının birlik, həmrəylik, şərafət və qürur məkanı olacaqdır.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara