Tarix Muzeyinin arxeoloji kolleksiyasında antik dövrə aid bədii metal nümunəsi: asma atlı fiquru......

Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya fondunda mühafizə olunan tapıntıların bir hissəsini Ağsu rayonunun Nərgizava nekropolu və ətrafından tapılmış bədii metal nümunələri təşkil edir.

<Tarix Muzeyinin arxeoloji kolleksiyasında antik dövrə aid bədii metal nümunəsi: asma atlı fiquru......

Muzeydən AZƏRTAC-a bildirilib ki, bu nümunələr arasında 2010-cu ildə təsadüfən tapılmış və elə həmin ildə muzeyə təhvil verilmiş atlı fiquru da yer alır. Həmin fiqur tuncdan olub, tökmə, əymə, lehimləmə üsulları ilə hazırlanıb. Atın alın hissəsi zireh təbəqəsi ilə örtülüb. Quyruğu dik olub, geriyə doğru qatlanıb. Atın üzərində insan fiquru var. Atlının başı halqavari olub, ilgək vəzifəsini yerinə yetirir. Atlı əlləri ilə atın boynundan yapışmış vəziyyətdədir. Bu və ya digər əlamətlərinə görə atlı döyüşçünü xatırladır. Onun hazırlanma dövrünə gəldikdə isə, bu maraqlı muzey eksponatı mütəxəssislər tərəfindən antik dövrə və ya eramızdan əvvəl III-II əsrlərə aid edilir.

Qeyd edək ki, təqdim olunan bədii metalişləmə nümunəsi antik dövrdə Şirvan sənətkarlarının metalın, o cümlədən tuncun ərimə xüsusiyyətlərinə yaxından bələd olduqlarını bir daha təsdiq edir. Həmçinin mürəkkəb məzmunlu tunc məmulatın böyük zövqlə hazırlanması Şirvan sənətkarlarının yüksək peşəkarlığından xəbər verir.

Bu maddi mədəniyyət nümunəsindən antik dövrdə Qafqaz Albaniyasında metalişləmənin və hərb sənətinin inkişaf səviyyəsini öyrənmək üçün əşyavi mənbə kimi istifadə oluna bilər.

Atlı fiquru muzey ekspozisiyasını ziyarət edənlər üçün də maraqlı eksponatlardan sayılır.