Tarix Muzeyində Xalq artisti Rəşid Behbudova məxsus fotoşəkil qorunur.....

Azərbaycan müğənnisi, Xalq artisti, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudova məxsus fotoşəkil AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli mənbələr fondunda qorunur.

<Tarix Muzeyində Xalq artisti Rəşid Behbudova məxsus fotoşəkil qorunur.....


Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, fotoşəkil məşhur azərbaycanlı dirijor və bəstəkar Niyazi, bəstəkar Fikrət Əmirov və Rəşid Behbudov “Sevil” operası üzərində işləyərkən (1959-cu il) çəkilib. Muzeyin Fotoneqativ fondunda da R.Behbudova aid fotoneqativlər qorunur.
Rəşid Behbudov 1915-ci ildə Tiflisdə şuşalı xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ildə Dəmir yolu Texnikumuna daxil olub. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan R.Behbudov hərbi xidmətdən sonra Tiflis estrada qruplarından birində solistlik edib. Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda böyük populyarlıq qazanır. Müğənni 1949-cu ildə Budapeştdə keçirilən Gənclərin və Tələbələrin Ümumdünya Festivalında çıxış edir. R.Behbudov 1946–1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957–1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. O, 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrlarını birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. 
Bütün sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və s. ölkələrdə geniş repertuarla çıxış edən R.Behbudov Azərbaycan xalq mahnılarının və bəstəkarların vokal əsərlərinin xarici ölkələrdə populyarlaşmasında çox böyük rol oynayıb.