Tarix Muzeyində II Dünya müharibəsi dövrünə aid fotoneqativ qorunur.....

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində (MATM) II Dünya müharibəsi illərinə dair hərbi hissələrin Xəzər dənizi yolu ilə cəbhəyə daşınmasını əks etdirən fotoneqativ qorunur.

<Tarix Muzeyində II Dünya müharibəsi dövrünə aid fotoneqativ qorunur.....

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, 1941-ci il iyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları, o cümlədən Azərbaycan SSR II Dünya müharibəsinə qatıldı. 1941-1945-ci illərdə müharibədə 600 mindən çox azərbaycanlı iştirak edib. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər döyüşlərdə cəsarətlə vuruşub, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin alınmasında fəal iştirak ediblər. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə, 5 piyada dəstələri yaradılıb. Qızıl Ordunun 8 diviziyasının çox hissəsini azərbaycanlılar təşkil edirdi.

II Dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq və şücaətə görə Azərbaycandan 128 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Muzeydə qorunan bu fotoneqativ Azərbaycan xalqının II Dünya müharibəsi dövründəki fəaliyyətini əks etdirmək baxımından əhəmiyyətlidir.