Şuşanın körpüləri.....

Hələ lap qədim zamanlardan Qarqar çayı üzərində piyadalar üçün xırda meşə ağaclarından düzəldilmiş taxta körpülər vardı. Həmin körpülər, əsasən, 10-15 metr uzunluğunda, təxminən iki taxta enində olur, qış və payız aylarında tez-tez uçub dağılır, gediş-gəliş çətinləşirdi. Bunları nəzərə alaraq çay üzərində körpülər daş, kərpic və əhəngdən inşa edilir, daha sonralar isə müasir nəqliyyata uyğun körpü salınırdı.

<Şuşanın körpüləri.....

Şuşada olan körpülər barədə AZƏRTAC-a məlumat verən Qarabağ tarixinin tanınmış tədqiqatçısı Vasif Quliyev deyib: “XIX əsrin əvvəllərində Qarabağda ticarətin və yol-nəqliyyat vasitələrinin inkişafı ilə əlaqədar çaylar üzərində körpülərin tikilməsi ilə yollar şəbəkəsində yeni bir dövr başlandı. Əsas etibarilə şəhərlərdə və yolların ən vacib sayılan sahələrində iri daş körpülər salınırdı. Qarqar çayının Şuşa ərazisindən keçən hissəsi üzərində də körpülərin tikintisinə böyük ehtiyac duyulurdu.

İbrahimxəlil xan Cavanşirin sonbeşik qızı, xeyirxahlığı ilə özünü hamıya sevdirməyi bacaran, bütün Qarabağda “mərhəmət carçısı” kimi tanınan Gövhər ağa xalqın bu vacib ehtiyacını təmin etmək üçün kəsə, at və araba yolu keçən və Şuşanı Gəncə ilə birləşdirən yeganə karvan yolunun - qədim Kəhrab dərəsinin üstündə - Xəlifəli çayının Daşaltı çayına qovuşduğu yerdə öz hesabına körpü tikdirdi. Uzunluğu 25 metr, eni isə 7 metr olan bu birtağlı körpü dairəvi şəkildə inşa edilmişdir. Çox çəkmədən həmin körpü Şuşa ilə şimal şəhərləri arasında əlaqə yaradan nəqliyyat yoluna, yalnız ticarət karvanlarının yox, eyni zamanda, böyük insan kütlələrinin hərəkət etdiyi məntəqəyə çevrilmişdi. Bu möhtəşəm körpü sonralar el arasında onu tikdirənin adı ilə “Ağa körpüsü” kimi məşhurlaşmışdı.

Xəlifəli çayının su səviyyəsi və onun genişlənən yatağındakı iri qayalıq sahələrin çox olması körpünün tikintisi üçün əlverişli idi. İri çay daşlarından hörülmüş, yaxşı və səliqəli yonulan sal daşlarla üzlənmiş bu körpü həm memarlıq, həm də sənətkarlıq baxımından əvəzsiz bir sənət əsəri sayıla bilər. Körpü tikilərkən dayaqlarının möhkəmliyinə xüsusi fikir verilmiş, tam təbii şəraitlə üzvi surətdə əlaqələndirilmiş, dayaqları süni özül üzərində yox, çayın axarındakı qayaların üzərində salınmış və çayın su səviyyəsi, daşqın ehtimalı da nəzərə alınmışdı. Digər körpülərlə eyni üslub yaxınlığına malik olan “Ağa körpüsü” Qarabağ tikinti mədəniyyətinin yüksək səviyyəsini nümayiş etdirir, yerli bənna və inşaatçıların yüksək mühəndislik qabiliyyətinin bariz nümunəsi kimi nəzərə çarpır.

“Ağa körpüsü”nü Gövhər ağa və daha sonralar onun qardaşı qızı Xurşidbanu Natəvan dəfələrlə təmir etdirmişdir. 1989-cu ildə azğın və murdar ermənilər körpünü partlatsalar da, lakin az müddətdən sonra təmir olunaraq əvvəlki vəziyyətinə salınmışdır.

Şuşa şəhərində iki kiçik körpü də vardı: “Gövhər ağalıq” və “Şahlıq körpüsü”. Birincisini Gövhər ağa Cavanşir tikdirmişdi. Onun Üçmıx ətrafındakı malikanəsindən şəhərə gedən yolda daş körpü saldırması ərazidə gediş-gəlişi xeyli asanlaşdırmışdı. Həmin körpü xeyriyyəçinin adı ilə “Gövhər ağalıq” adlandırılırdı.

“Şahlıq körpüsü” isə İran şahzadəsi Bəhmən Mirzə Qacarın malikanəsinin qarşısında idi. Körpü 1897-ci ildə Şuşa həbsxana komitəsinin sədri və şəhər məktəbinin müəllimi Yusif bəy Məlikhaqnəzərovun təşəbbüsü və bilavasitə iştirakı ilə salınmış “Köçərli” məhəlləsinin əsas sakinlərindən olan Qacar övladlarının şərəfinə belə adlandırılıb. “Dərəqırağı” məhəlləsindən keçərək qala divarlarına qədər uzanan bu körpü-tunel yağıntı zamanı şəhərin yuxarı hissəsindən gələn selin qarşısını alır və çirkab suların üstünü örtürdü. “Şahlıq körpüsü” bu yaxınlara qədər istifadə olunurdu və öz funksiyasını qismən də olsa yerinə yetirirdi.

Qarqar üzərindəki tarixi bir körpü də çaydan bir qədər aralıdakı kəndin adı ilə “Malıbəyli körpüsü” adlanır. Tikintisi XIX əsrin ortalarına aid edilən bu körpü birtağlıdır. Şuşadan, Xankəndidən, Ağdamdan və çayın sol sahillərindəki kəndlərdən gələn yollar burada qovuşur və bu yol körpünün üstündən keçərək Xocavənd və Füzuli rayonları istiqamətində onlarca kilometr uzanır.

Uzun illər Qarqar çayının şıltaqlıqlarına sinə gərmiş Malıbəyli körpüsü baxımsızlıq ucbatından və müasir tələblərə cavab vermədiyindən öz əhəmiyyətini itirmiş, ötən əsrin altmışıncı illərində onu əvəz edən digər bir körpü də salınmışdır”.