Şuşanın bulaqları və müalicəvi suları.....

Şuşa ayna kimi saf və şəffaf, dadlı və təmiz, buz kimi soyuq sulu bulaqları ilə də məşhurdur: İsa bulağı, Səkili bulaq, Daşaltı bulağı, Soyuqbulaq, Şorbulaq, Saxsı bulaq, Əjdaha bulağı, Dəvəbatıran, Fındıqlı və s. Azərbaycanda az adam tapılar ki, bu bulaqların adını eşitməsin, onları görməsin, ətrafında süfrə açıb oturmasın. Həmin bulaqlar şairlərin poetik misralarına, bəstəkarların qanadlı nəğmələrinə çevrilib.

<Şuşanın bulaqları və müalicəvi suları.....

Qarabağ tarixi, eləcə də qədim diyarın etnoqrafiyası barədə 20-dən çox kitabın müəllifi Vasif Quliyevın həmin bulaqlar və şəfalı su mənbələri haqqında AZƏRTAC-ın müxbirinə məlumat verərək deyib: “İsa bulağı Şuşanın baş bulağı, klassik ziyarət yeri, ən məşhur, ən çox sevilən, ən gözəl və səfalı istirahət guşələrindən biridir. XIX əsrin ikinci yarısında onu düzəldən biçinçinin adı ilə adlandırılıb. Şəhərin şimal-şərqində, təxminən üç kilometrliyində Qarabağ silsiləsində, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə qalın, sərin və yaşıl meşələrin əhatəsində yerləşir. Qoca palıd və vələs ağaclarının altında çağlayıb çıxan bu bulağın dumduru, şirin və xeyirli suyu, çox mənzərəli yaşıl ağacları Şuşa yaylasının üzvi bir hissəsini təşkil edir.

İsa bulağı mövcud olduğu gündən bəri onlarca tarixi hadisəyə şahidlik edib, yüz minlərlə qonaq qarşılayıb yola salıb. El arasında deyirlər ki, İsa bulağında olmayan Şuşada da olmayıb. Hansı şair bura gəlib söz qoşmayıb, hansı bəstəkar onun suyundan içib mahnısında tərənnüm etməyib, hansı rəssam bu ecazkar təbiət guşəsini görəndə fırçasını işə salmayıb, hansı səyyah bura ayağı düşəndə ona heyran qalmayıb. Bu gözəl məkan klassik ədəbiyyatda, musiqi və təsviri sənətdə dönə-dönə tərənnüm edilib. Poetik mənzərəli bu bulaq başında vaxtaşırı, xüsusən yay aylarında poeziya və musiqi məclisləri keçirilib.

Mineral su mənbəyi olan Turşsu Şuşa şəhərindən 17 kilometr cənub-qərbdə, Zarıslı çayının dərəsində 1700 metr hündürlükdə çıxır. Suyu faydalı mikroelementlərlə, əsasən, karbon qazı, hidrogen-karbonad, maqnezium, natruim, kalsiumla zəngindir. Minerallaşma dərəcəsi 2,4 qr/l, temperaturu 5-10 dərəcə C-dir. Suyu içilir, vanna edilir, mədə-bağırsaq, öd kisəsi yuyulur və s. Burda ürək-damar, qan azlığı, qaraciyər, öd yolları, öd kisəsi və böyrək xəstəliklərindən əziyyət çəkənlər müalicə olunurlar.

Təbii dərman, əvəzsiz mineral su olan şəfalı Turşsu, eyni zamanda bir çox başqa xəstəlikləri də müalicə edir. Orqanizmdə maddələr mübadiləsi pozulmalarını nizama salır, daxili orqanlar xəstəliklərinə qarşı profilaktik təsir göstərir.

Şırlan mineral suyu Şuşa şəhərindən 18 kilometr qərbdə Sarıbaba dağının ətəyində çıxan üç bulağın ümumi adıdır, karbonadlıdır. Temperaturunun aşağı olması və tərkibində maqneziumlu komponentlərin çoxluğu ilə seçilir. Şırlan suyundan əsasən, mədə-bağırsaq, qan azlığı, maddələr mübadiləsinin pozulması və s. xəstəliklərin müalicəsində istifadə olunur.

Dünyada ən uzun mineral su kəmərinin- 32 kilometrlik məsafədən Narzan tipli Şırlan suyunun şəhərə çəkilməsi Şuşanın kurort şöhrətinin daha uzaqlara yaymışdı. Gündə 342 min litr su verən Turşsu pavilyon qalereyası bu diyarın kurortoloji əhəmiyyətini artırmış, onu dağ-iqlim kurortu səviyyəsindən çıxararaq balneoloji kurorta çevirmişdi.

Turşu yaxınlığında narzan tipli böyük mineral su mənbəyi olan Dəmir bulağın suyu qazlıdır. Qazlılıq etibarı ilə Narzandan daha yüksəkdir, Bəzən “Azərbaycan Narzanı” da adlandırırlar. Bu suda dəmir qarışığı olduğundan “Dəmir su” adlanır. Qan azlığına və dəri xəstəliyinə tutulanlara bu su ilə edilən müalicə gözəl nəticələr verir.

Şuşa həbsxanasından aşağıda Daşaltı çayının kənarında çıxan Qotur bulağı sal bir qayanı yararaq dörd metr hündürlükdən əlvan çınqıllığın içinə tökülür, gümüş cığır kimi qıvrıla-qıvrıla axıb gedir. Yay aylarında bulağın suyundan içməyə gələnlər yaxınlığındakı bağın tut ağacları altında zərif kaşan xalçaları salır, məxmər döşəkçələr, ipək yastıqlar, mütəkkələr düzüb istirahət edirdilər.

İlin bütün fəsillərində soyuq və duru olan bulağın suyunun müalicəvi əhəmiyyəti var. Tərkibi minerallarla zəngin olan Qotur bulağın suyu bədəndəki qoturu, dəmrovu, ləkələri müxtəlif yaraları sağaldır, duzlaşmanı aradan qaldırır. Qotur xəstəliyinin dərmanı olduğuna görə ona bu ad verilib”.