Əsrlərin sınaqlarından çıxan Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf edir.....

Fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri başlayıb. Bu səfər 40 mindən çox insanın ölümünə, 100 mindən çox insanın xəsarət almasına, genişmiqyaslı dağıntılara səbəb olan dəhşətli zəlzələ nəticəsində çətin günlər yaşayan Türkiyə dövləti və xalqı üçün əsl qardaşlıq dəstəyinin göstəricisidir.

<Əsrlərin sınaqlarından çıxan Azərbaycan-Türkiyə münasibətləri uğurla inkişaf edir.....

Eyni kökə, dilə, dinə sahib xalqlarımızın minilliklərə söykənən qədim tarixinə nəzər saldıqda belə qardaşlıq köməyinin saysız-hesabsız nümunələrinə rast gəlmək mümkündür. Türkiyə və Azərbaycan xalqlarının Ulu öndərləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın çoxəsrlik qardaşlıq əlaqələrinə verilən ən yüksək qiymətdir.

AZƏRTAC xalqlarımız və ölkələrimiz arasında tarixdə bənzəri olmayan qardaşlıq münasibətlərinin bir sıra məqamlarına qısa nəzər salır.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan

Azərbaycan-Türkiyə əlaqələrini ən yüksək səviyyəyə çatdırıblar

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan-Türkiyə əlaqələri son illər ən yüksək səviyyəyə çatıb. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq münasibətləri ölkələrimiz və xalqlarımız arasındakı münasibətlərin belə yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qardaş ölkəyə 1 dövlət, 4 rəsmi, 31 işgüzar səfər həyata keçirilib. Dövlətimizin başçısı sonuncu dəfə Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il avqustun 9-da qardaş ölkədə səfərdə olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə indiyədək ölkəmizə 5 rəsmi və 8 işgüzar səfər edib. Prezident Rəcəb Tayyib Ərdoğan sonuncu dəfə oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər edib. Bununla yanaşı, ölkələrimiz arasında müxtəlif səviyyələrdə də qarşılıqlı səfərlər həyata keçirilir.

Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətdir. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il noyabrın 9-da tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər isə 1992-ci il yanvarın 14-də qurulub. 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədəki səfirliyi fəaliyyətə başlayıb. Sonrakı illərdə - 1993-cü ildə Azərbaycanın İstanbulda, 2004-cü ildə isə Qarsda baş konsulluqları təsis edilib. Türkiyənin isə hazırda Gəncədə və Naxçıvanda baş konsulluqları fəaliyyət göstərir.

İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq münasibətlərinin ən yüksək nümunəsini ortaya qoyan Azərbaycan və Türkiyə birlikdə nəhəng layihələr reallaşdırmaqla təkcə ölkələrimizin deyil, böyük bir regionun da inkişafına mühüm töhfələr verir. Azərbaycanın və Türkiyənin birlikdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi meqalayihələrdən qardaş ölkələrimizlə yanaşı, digər xalqlar da faydalanır.

Ölkələrimizin beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində koordinasiyalı fəaliyyət, qarşılıqlı dəstəyin davam etdirilməsi və gücləndirilməsi istiqamətində atdığı addımlar öz bəhrəsini verməkdədir. Azərbaycan-Türkiyə əlaqələrinin belə yüksək inkişafı regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Bu münasibətlər, həmçinin türkdilli ölkələr və xalqlar arasında birliyin və əməkdaşlığın daha da gücləndirilməsini şərtləndirən ən mühüm amillərdən biridir. Prezident İlham Əliyev bununla bağlı bildirib: “Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk”.

Qardaş ölkələrimiz arasında münasibətlərin

yeni mərhələsinin başlanğıcı - Şuşa Bəyannaməsi

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın otuz ilə yaxın davam edən işğalına son qoyulması ilə nəticələnən Vətən müharibəsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində tamamilə yeni səhifə açdı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında Azərbaycana açıq, dəqiq və birmənalı dəstək ifadə etməsi nəinki xalqımızı ruhlandırdı, eyni zamanda, müharibəyə müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı. Bu tarixi Qələbənin təntənəsi olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentləri çıxışlarında dünyaya xalqlarımızın və ölkələrimizin qardaşlığının sarsılmazlığı və daim bir-birinin yanında olmaları barədə çox mühüm və aydın mesajlar verdilər. Qardaş ölkələrimizin dövlət başçılarının Zəfər paradında tarixi çıxışları qələbəmizin möhtəşəmliyini bir daha dünyaya çatdırdı.

2021-ci il iyunun 15-də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Şuşada “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”ni imzaladılar. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsi sayılır. Bu sənəddə təsbit olunan strateji müttəfiqlik iki qardaş dövlət arasında bütün sahələrdə sıx əməkdaşlıq, habelə təhlükəsizlik və müdafiə sahələrində qarşılıqlı yardım prinsiplərini ehtiva edir. Bəyannaməyə əsasən, Türkiyə ilə Azərbaycanı və Azərbaycanın qərbdəki bölgələri ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən dəhlizin (Zəngəzur dəhlizi) açılması və onun davamı olaraq Naxçıvan-Qars dəmir yolunun inşası iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsində vacib rol oynayır.

Prezident İlham Əliyev bu tarixi sənədin əhəmiyyətini onun imzalanması mərasimindəki çıxışında məhz bu cür ifadə edib: “Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır”.

Şuşa Bəyannaməsi ölkələrimiz arasındakı münasibətlərin inkişafına mühüm təkan verib. Qardaş ölkələrimiz bu sənəddən irəli gələrək strateji müttəfiqlik münasibətlərini bütün sahələrdə uğurla inkişaf etdirir. Hazırda Türkiyə Azərbaycan Ordusunun ən müasir tələblər səviyyəsində modernləşdirilməsinə fəal dəstək göstərir. Qardaş ölkələrimizin ordularının peşəkarlığının artırılması məqsədilə mütəmadi qaydada genişmiqyaslı hərbi təlimlər keçirilir. Bu baxımdan Azərbaycanda və Türkiyədə 2022-ci ilin sentyabrında keçirilən birgə hərbi təlimlərin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Həmçinin ötən ilin sentyabrında Ermənistanın Azərbaycan-Ermənistan sərhədində törətdiyi təxribatlarla bağlı Türkiyə hər zaman olduğu kimi qəti dəstəyini ifadə etdi. Bu hadisələr bir daha təsdiqlədi ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması, iki ölkə arasında diplomatik əlaqələrin bərpası barədə məsələlərdə də Türkiyənin dövlət rəsmilərinin mövqeyi qətidir.

Bundan başqa, Türkiyə şirkətləri işğaldan azad olunan ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərində yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının, digər mühüm obyektlərin açılışlarında birgə iştirakı işğaldan azad olunan ərazilərin tezliklə dirçəldilməsinə verilən böyük önəmin göstəricisidir.

Bu, həm də ölkələrimiz arasında iqtisadi əməkdaşlığın da inkişafına mühüm töhfələr verir. Təkcə bir faktı qeyd etmək yerinə düşər ki, Azərbaycandan Türkiyəyə 21 milyard dollar, Türkiyədən Azərbaycana 13,7 milyard dollar investisiya yatırılıb. Azərbaycanda qeyri-neft sektoruna investisiya yatıran ölkələr sırasında Türkiyə birinci yerdə qərarlaşır. Bu müsbət dinamika davam etməkdədir.

Minilliklərə söykənən qardaşlıq münasibətlərinin yeni sınağı

Fevralın 6-da qardaş ölkədə baş verən güclü zəlzələ nəticəsində minlərlə insanın həlak olması, on minlərlə insanın xəsarət alması Azərbaycan xalqını dərindən sarsıtdı, kədərləndirdi. Faciədən dərhal sonra Prezident İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək, ölkəmizin Türkiyənin dərdinə şərik çıxdığını, Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu bildirdi. Dövlətimizin başçısı 420 nəfərdən ibarət xilasedici heyətin qardaş ölkəyə göndərildiyini və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlayacaqlarını ifadə etdi.

Fevralın 8-də Türkiyənin Bakıdakı səfirliyini ziyarət edərək, zəlzələ nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verən Prezident İlham Əliyevin “Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən, ilk saatlardan qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirmişik. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Hər zaman Türkiyə də bizim yanımızdadır, yaxşı günlərdə, çətin günlərdə” sözləri qardaş Türkiyənin bu çətin günündə hər bir azərbaycanlının hisslərini ifadə edirdi. Dövlətimizin başçısının “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir” sözlərindən daha da ilham alan xalqımız yardım toplama mərkəzlərinə gecə-gündüz demədən axın edərək, qardaş Türkiyə xalqına var gücü ilə dəstək olmağa çalışdı.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da zəlzələ ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edərək qardaş xalqın bu çətin günündə dəstəyini ifadə etdi. Mehriban xanım Əliyevanın Türkiyədəki zəlzələdən zərər çəkənlərə humanitar yardımla bağlı rəsmi instaqram səhifəsində etdiyi paylaşımda Türkiyəyə yardım üçün can atan xalqımızın qardaşlıq dəstəyi ən yüksək səviyyədə qiymətləndirilib: “Hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olmaq, əl-ələ verərək çətinliklərdən və sınaqlardan birlikdə üzüağ çıxmaq Azərbaycan xalqının ən gözəl xüsusiyyətlərindən biridir. Qardaş Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərdiyiniz dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığının, möhkəmliyinin, əbədiliyinin növbəti əyani sübutudur”.

Zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət təyyarələr, həmçinin 16 ədəd xüsusi təyinatlı nəqliyyat vasitəsi Kahramanmaraş şəhərinə yola salındı. Yardımların göndərilməsi sonrakı günlərdə də fasiləsiz davam etdirildi. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə yardım çağırışına qoşulan xalqımız qardaş xalqın köməyinə yetişmək üçün bir nəfər kimi səfərbər oldu. Azərbaycan Hökuməti, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanları və sıravi vətəndaşlar Türkiyəyə humanitar yardım göstərilməsi kampaniyasına fəal şəkildə qoşuldular. Zəlzələ ilə bağlı Azərbaycanın İstanbuldakı və Qarsdakı baş konsulluqlarında dərhal qaynar xətt yaradıldı və zərərçəkmişlərə yardım göstərilməsinə başlanıldı. Azərbaycan Respublikası tərəfindən qardaş ölkəyə xilasedicilər, tibbi və inzibati heyət, hərbi həkimlər, könüllülərdən ibarət 867 həmvətənimiz iştirak edib. Bundan başqa, dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən birbaşa maliyyə yardımı edilib. Bu işdə Heydər Əliyev Fondu xüsusilə diqqəti cəlb edir. Fondun təşkil etdiyi kampaniya çərçivəsində qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərilir.

Qardaş xalqın bu ağır günündə Azərbaycanın dərhal yardım əlini uzatması Türkiyədə sıravi vətəndaşlardan tutmuş dövlət rəsmilərinə qədər dərin minnətdarlıq hissi ilə qarşılanır. Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğanın tviter hesabında etdiyi paylaşımda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təşəkkürü həm də qardaş xalqın minnətdarlıq hissinin ifadəsidir: “Dərdiniz dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Axtarış-xilasetmə qrupları başda olmaqla, humanitar yardım təyyarələri ilə ilk gündən bizimlə olan Azərbaycana və dəyərli dostum Mehriban Əliyevaya dəstəyə görə təşəkkürümü bildirirəm”.

Dövlətimizin başçısının tapşırığı ilə fevralın 11-də Kahramanmaraş şəhərinə səfər edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikasının dəstəyini bir daha ifadə edib.

Sonda xüsusilə vurğulamaq yerinə düşər ki, Azərbaycan və Türkiyə tarix boyu bir sıra sınaqlarla üzləşsə də, həmin çətinliklərdən mətanətlə çıxıb. Ən fərəhləndirici məqam ondan ibarətdir ki, dövlətlərimiz və xalqlarımız bu çətinliklərin öhdəsindən gəlmək üçün bir-birinə əsl qardaşlıq dəstəyi göstərib. Heç şübhəsiz ki, Türkiyə dövləti və xalqı bu çətin sınağı da geridə qoyacaq. Prezident İlham Əliyev Türkiyənin Bakıdakı səfirliyini ziyarət edərkən bu barədə bildirib: “Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir... Türkiyə dövlətinin operativ və çevik addımları bir daha göstərdi ki, insan amili Türkiyə hökuməti üçün əsas məsələdir və bu ağır sınaq, eyni zamanda, Türkiyənin gücünü bir daha bütün dünyaya göstərəcək. Bu, qardaş xalqımızı sarsıtmayacaq, Türkiyə dövlətinin iradəsinə təsir etməyəcək. Türkiyə dövləti güclü dövlətdir və bu fəlakətlə də mübarizədə öz gücünü göstərir”.