Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vebinar təşkil edib.....

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən plana uyğun olaraq Xidmətin yerli struktur bölmələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə iş üzrə cavabdeh əməkdaşları üçün “Təhsil müəssisələrində “Çağırışaqədərki hazırlıq” fənninin keyfiyyətli tədrisinin təşkil edilməsində SHXÇDX-nin rolu” mövzusunda vebinar keçirilib.

<Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti vebinar təşkil edib.....

Xidmətdən AZƏRTAC-a bildirilib ki, SHXÇDX-nin Baş İdarə rəisinin müavini polkovnik Azər Babayev vebinarın məqsədi barədə iştirakçılara ətraflı məlumat verib.

O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. A.Babayev işğal altında olan torpaqlarımızın azad edilməsinin, şanlı Zəfərimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi və təbliğatının daha mütəşəkkil formada həyata keçirilməsi zərurətini yaratdığını ifadə edib. Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov SHXÇDX-nin yerli struktur bölmələri tərəfindən çağırışaqədərki hazırlıq işinə diqqətin artırılmasından danışıb. Mövcud qanunvericiliyin tələblərinə və təhsil sisteminin standartlarına cavab verən, vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik və xüsusilə döyüş yolu keçmiş şəxslərin çağırışaqədərki hazırlıq rəhbəri vəzifəsinə seçilməsinin aparılan işlərə müsbət təsirindən bəhs edib. Vebinarda “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi”nin tələbləri bir daha xatırladılıb və ciddi əməl edilməsi vurğulanıb.

Orta təhsil müəssisələrində peşə yönümünün hərbi ixtisaslara istiqamətləndirilməsi, şagirdlər arasında hərbi ixtisasların əhəmiyyəti haqqında aparılan işlərə toxunulub. Xidmətin yerli struktur bölmələrinin çağırışaqədərki hazırlıq rəhbərləri ilə iş üzrə cavabdeh əməkdaşları görülən işlər barədə məlumat veriblər. Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb və qarşıda duran vəzifələr bir daha diqqətə çatdırılıb.