Sentyabrın ilk günündə ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.....

Azərbaycanda sentyabrın 1-nə gözlənilən hava proqnozu açıqlanıb.

<Sentyabrın ilk günündə ölkə ərazisində hava əsasən yağmursuz keçəcək.....

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 23-26°, gündüz 32-36° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı - 758 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27°, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda isə 27-28° isti olacaq.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, sentyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 23-28° isti olacağı ehtimal edilir.