“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabı rus dilində çapdan çıxıb.....

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 2011-ci ildə Ankarada Strateji Araşdırmalar Mərkəzi tərəfindən ingilis dilində nəşr edilən “Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabı rus dilinə tərcümə edilərək çapdan çıxıb.

<“Əsassız erməni iddiaları və tarixi faktlar. Suallar və cavablar” kitabı rus dilində çapdan çıxıb.....

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2016-cı ildə kitabı Azərbaycan dilinə tərcümə edərək geniş oxucu kütləsinə çatdırmışdı. İndi isə erməni saxtakarlığı barədə həqiqətləri daha geniş auditoriyaya – rusdilli oxuculara, bu dilin geniş yayıldığı ölkələrə çatdırmaq üçün əsər G.Baxşəliyeva tərəfindən ingilis dilindən rus dilinə tərcümə edilib.

Erməni yalanlarına qarşı mübarizədə əsas vasitələrdən biri hesab oluna bilən kitabın əsas hissəsini erməni iddiaları ilə bağlı 12 sual və bu suallara tarixi faktlara söykənən tutarlı cavablar təşkil edir.

Kitabda daha sonra 1973-1986-cı illərdə ermənilər tərəfindən törədilən terror aktlarının xronoloji siyahısı verilir.

Növbəti təqdim edilən material türk, Osmanlı və Yaxın Şərq araşdırmaları ilə ixtisaslaşan amerikalı alimlərin ABŞ konqresinin erməni soyqırımı ilə bağlı 192 saylı qətnaməsinə cavab olaraq 1985-ci ildə imzaladıqları bəyanatdır.

Kitabın sonunda biblioqrafiya və mövzu ilə bağlı tarixi fotoşəkillər təqdim olunur.