Azərbaycanda yanvarın 15-nə gözlənilən hava proqnozu açıqlanıb.
14-01-2022Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0°-yə yaxın, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 5-8° isti olacaq. Bakıda gecə 0°-yə yaxın gündüz 5-8° isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 748 millimetr civə sütunundan 753 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz olacaq.
Sinoptiklərin tibbi-meteoroloji xəbərdarlığına görə, yaxın günlər ərzində Abşeron yarımadasında tez-tez gilavar küləyinin xəzri küləyi ilə əvəz olunacağı, atmosfer təzyiqinin xeyli tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacağı gözlənilir. Lakin axşam yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı proqnozlaşdırılır. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta, yüksək dağlıq ərazilərdə gecə 15-20°, gündüz 3-8° şaxta olacaq.