Respublika Gənclər Kitabxanasının Qarabağa həsr olunmuş layihəsi davam edir.....

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası əzəli Azərbaycan torpaqları olan doğma Qarabağımızın qədim tarixinin, füsunkar təbiətinin, rəngarəng mədəniyyətinin təbliği məqsədilə maarifləndirici, təbliğat xarakterli materiallar, layihələr hazırlamaqda davam edir. Növbəti belə layihə – “Qarabağ - füsunkar təbiət, mədəniyyət və qədim tarixin qovuşduğu Azərbaycan torpağı” layihəsinin ilkin materialları ilə artıq istifadəçilər tanışdırlar. Bu gün isə kitabxana əməkdaşları bu layihə çərçivəsində hazırlanan növbəti maraqlı materiallar ilə öz izləyicilərinin görüşünə gəlib.

<Respublika Gənclər Kitabxanasının Qarabağa həsr olunmuş layihəsi davam edir.....

AZƏRTAC xəbər verir ki, təqdim olunan materiallar “Mədəniyyət beşiyi Qarabağ” başlığı altında hazırlanıb və Qarabağın mədəniyyət obyektlərinə, mədəniyyət nümunələrinə və nümayəndələrinə həsr edilib.

Videoçarxlarda Qarabağın mədəniyyət abidələri olan “Şuşa qalası”, “Şahbulaq qalası”, “Xurşudbanu Natavanın ev muzeyi”, “Qarabağ Xan sarayı”, bir sıra türbə, məqbərə və s. haqqında məlumat verilir. Materialda Qarabağ xalçaçılıq sənətinin tarixi, inkişaf mərhələləri, növləri və individuallığı, dünyada ona verilən qiymətdən bəhs edilir.

İkinci material isə “Qarabağ şer, sənət, musiqi, muğam, hikmət beşiyidir” başlığı altında hazırlanıb. Burada izləyicilər Qarabağın tanınmış musiqiçiləri, xanəndələri, bəstəkarları, şer-söz ustadları, Qarabağ ədəbi mühitinin ən görkəmli simaları olan Ə.Haqverdiyev, Əhməd bəy Ağayev, F.Köçərli, Y.Çəmənzəminli və başqaları haqqında məlumat əldə edə bilərlər.

Həqiqətən də Qarabağ qədim tarixi, füsunkar təbiəti, misilsiz sərvətləri, təkrarolunmaz istedadları ilə tanınan bir torpaqdır və əzəli Azərbaycan torpağıdır. Bu torpağı qarış-qarış gəzmək, tanımaq və tanıtmaq hər bir Azərbaycan vətəndaşının şərəfli borcudur.

Respublika Gənclər Kitabxanası gələcəkdə də bu istiqamətdə öz fəaliyyətini davam etdirəcək və yeni materiallar ilə öz istifadəçilərinin görüşünə gələcəkdir.

İstifadəçilər hazırlanan materiallara kitabxananın instaqram səhifəsindən baxa bilərlər.